Fransa Milli Assambleyasının üzvləri ermənilərin Füzulidə törətdikləri cinayətlərlə tanış olublar

18:20 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Milli Assambleyasının nümayəndə heyəti Füzuli şəhər mərkəzində erməni vəhşiliyinə məruz qalan dağıntılarla tanış olublar.

Hafta.az xəbər verir ki, qonaqlara ermənilərin şəhərdə törətdikləri vandalizm aktları, dağıntılar barədə məlumat verilib. Bildirilib ki, erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. 1993-cü il işğal gününə qədər təkcə şəhərdə 20 minə yaxın əhali yaşayıb. Şəhərdə 5-7 mərtəbəli çoxmənzilli binalar və fərdi yaşayış evləri olub. Həmçinin şəhər mərkəzində redaksiya, teatr binası yerləşib ki, bütün sadalanan tikililər yerlə-yeksan edilib.

Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerlə-yeksan olunub.

Şəhər ərazisində ermənilər tərəfindən dağıdılmış Hacı Ələkbər məscidinin yerləşdiyi əraziyə baxış zamanı qonaqların diqqətinə çatdırılıb ki, bu dağılmış tikili XIX əsrə aiddir. Rayonun işğalına qədər yararlı vəziyyətdə olub. 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı erməni vandalları tərəfindən məscid tamamilə dağıdılıb. Göründüyü kimi, ermənilər təkcə Azərbaycan xalqına deyil, onun maddi-mədəni irsinə qarşı da vandallıq hərəkətləri həyata keçiriblər. Məscidin işğaldan əvvəl iki minarəsi olub. Məscidin yalnız bir minarəsinin qalıqları qalıb, digəri tamamilə dağıdılıb. Hacı Ələkbər məscidi respublika əhəmiyyətli tarixi abidədir. Ermənilər Füzuli rayonunda olan bütün məscidlərə qarşı bu cür vandallıq ediblər. Məscidlərdə heyvan saxlayıb, tövlə kimi istifadə ediblər.

Daha sonra Fransa Milli Assambleyasının nümayəndə heyəti rayonunun Qarğabazar kəndində qədim karvansarayda olublar. Qonaqlara məlumat verilib ki, tikili 1683-cü ildə Səfəvilər dövründə inşa olunub. Respublika əhəmiyyətli abidə sayılan tikili işğaldan əvvələ qədər öz tarixini qoruyub saxlayıb. Lakin erməni işğalından sonra tarixi mədəniyyət nümunəsi sayılan Karvansaray heyvanların saxlanc yeri kimi istifadə edilib. Diqqətə çatdırılıb ki, ermənilər işğal ərəfəsində təkcə yaşayış yerlərini deyil, dini əhəmiyyətli, həmçinin tarixi mədəniyyət nümunələrini dağıtmaqla əsl erməni niyyətini ortaya qoyub. Məscidlərdən mal-qaranın, o cümlədən donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibətin göstəricisidir.

Oxunma sayı 885
Siyasət rubrikasından digər xəbərlər