Fransız aşpaz etiraf edib ki, o, həyat yoldaşı ilə əlbir olaraq öldürdüyü insanın cəsədini bişirməyə cəhd edib.
Hafta.az-ın yazdığına görə, 69 yaşlı Filipp Şnayder və həyat yoldaşı 45 yaşlı Natali Kabubassi, 2023-cü ildə yoxa çıxan 60 yaşlı Georges Meyzlerin qətlində iştirak etdikləri iddiası ilə Fransada mühakimə olunurlar.
Keçmiş qəssab Şnayder arvadı ilə birlikdə evinə oğurluğa getdikləri kişini öldürdüyünü etiraf edib. Restoran sahibinin dediyinə görə, qətl onlar Meyxlerin Brasc kəndindəki meşədəki evinə oğurluq etmək üçün girdikləri zaman baş verib.
Şnayder deyib ki, Meyzlerin əl-ayağını sarıyıb, ağzına dəsmal tıxayıblar və evdə axtarış etdikdən sonra onun boğularaq öldüyünü görüblər.
Fransız polisi isə bildirib ki, aşpaz və arvadı hadisəni ört-basdır etmək üçün kişinin cəsədini parçalayıb, başını, əllərini və ayaqlarını yandırıb, bədəninin qalan hissələrini isə avtomobilə qoyaraq hadisə yerindən qaçıblar.
Şnayder, həmçinin Nepalda öyrəndiyi dini rituala uyğun olaraq qoxusunu gizlətmək üçün Meyzlerin bədəninin hissələrini tərəvəz qabında bişirməyə çalışdığını bildirib.
Fransa polisi Meyzlerin cəsədini oğurlanmış avtomobilin yük yerində tapıb. Şnayder ilkin ifadəsində spirtli içki və marixuana aludəçisi olduğunu, buna görə də oğurluq etdiyini bildirib.
Fransız aşpazın vəkili Luk Abratkieviç, müvəkkilinin günahını boynuna aldığını deyir. Şnayderin həyat yoldaşı Kaboubassi, onun qətllə heç bir əlaqəsi olmadığını iddia edir. Məhkəmənin qərarını mayın 22-də elan edəcəyi gözlənilir.