Bu məsələ ölkə Prezidentinin diqqət mərkəzindədir
“Ağacəkmə prosesi davam etdiriləcək. Keçən il Nəsiminin 650 illiyi ilə bağlı bir gündə 650 min ağac əkildi. Son illərdə isə əkilən ağacların sayı bəlkə də 10-20 milyonu ötüb. Bu, çox müsbət haldır. Xüsusilə təbiəti ağacla o qədər də zəngin olmayan bölgələrdə bu proses geniş vüsət alıbdır və almalıdır. Bununla paralel olaraq, çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası prosesi davam etdirilir. Abşeron yarımadasında bu işlər aparılır, aparılacaqdır. Bizim mövcud göllərin təmizlənməsi prosesi daha geniş vüsət almalıdır. Biz hələlik yalnız Böyükşor gölünün bir hissəsini təmizləmişik. Bu da çox böyük layihədir. İndi digər hissənin və həmçinin digər göllərin təmizlənməsi gündəlikdədir”. Qeyd edək ki, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Dövlət başçısı vurğulayıb ki, son illərdə bu istiqamətdə çox böyük işlər görülüb: “Bakı sakinləri və qonaqlar bunu hiss edirlər ki, havanın keyfiyyəti böyük dərəcədə yaxşılaşıb. Nəyin hesabına? Çünki biz havanı çirkləndirən bir çox mənbələri ləğv etdik. Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir. Bu da böyük şəhərsalma layihəsidir. Yaxın gələcəkdə neftayırma zavodunun o ərazidən köçürülməsi nəticəsində həm bulvarın uzunluğu artacaq, həm də o zonada ekoloji vəziyyət daha da yaxşılaşacaq. Əlbəttə, Balaxanı zibilxanası havanı demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib. Yəni, bütün bunları biz edirik ki, Bakının ekoloji vəziyyəti yaxşılaşsın və insanların sağlamlığına ziyan vurmasın. Eyni zamanda, vaxtilə ekoloji vəziyyəti ağır olan Sumqayıt da indi ekoloji cəhətdən təmiz şəhərdir. Mən orada olarkən sumqayıtlılara deyirəm ki, Sumqayıtın havası Bakının havasından daha təmizdir. Ancaq Bakının havası da böyük dərəcədə təmizlənib. Bizim əsas diqqət mərkəzimiz məhz böyük şəhərlərdir, xüsusilə Abşeron yarımadası və sənaye müəssisələri olan şəhərlər. Azərbaycanın qalan yerlərində təbiət toxunulmazdır, biz bunu qorumalıyıq və bütün bölgələrdə təbiət qorunmalıdır. Çünki bu, bizim sərvətimizdir. Bəzi hallarda ağaclar qırılır, onların yerində binalar tikilir. Buna qətiyyən yol vermək olmaz. Müvafiq göstərişlər verilib. Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır”.
Qeyd edək ki, son illərdə ölkə Prezidentinin ciddi nəzarəti altında ölkədə ekoloji vəziyyətin tənzimlənməsi üçün bir sıra vacib tədbirlər həyata keçirilməkdədir. Kompleks tədbirlər planı çərçivəsində digər layihələrlə yanaşı su hövzələrinin bərpa olunması üçün çirkab tullantı suları təmizlənir, kanalizasiya şəbəkələri yenidən qurulur, neft və digər maddələrlə çirklənmiş ətraf ərazilər müxtəlif üsullarla rekultivasiya edilir, geniş sahələrdə meşələr salınır və digər zəruri tədbirlərin həyata keçirilməsi proqnozlaşdırılır.
Yeri gəlmişkən, statistik məlumatlara əsasənAbşeron yarımadasında sututarları və torpaqlar 150 ildən çoxdur ki, müxtəlif intensiv texnogen təsirlərə məruz qalıb.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı”nda Abşeronun bərpasına aid bir sıra layihələrin işlənilməsi və həyata keçirilməsi məqsəd kimi qarşıya qoyulub. Ötən müddət ərzində Kompleks Tədbirlər Planı çərçivəsində bir sıra layihələr müvəffəqiyyətlə həyata keçirilib. Təhlil göstərir ki, ETSN, ARDNŞ, Fövqəladə Hallar Nazirliyinin və digər təşkilatların əməkdaşları ekoloji layihələrin həyata keçirilməsində fəaliyyət dairələrini ilbəil genişləndirirlər.
Onu da deyək ki, Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. m3 müxtəlif tərkibli çirkab suları axıdılır. Suların tərkibində neft məhsullarının, ağır metalların və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çox olduğundan göllərin dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Təsərrüfat-məişət tullantı sularının da göllərə və ətraf ərazilərə axıdılması Abşeron yarımadasında kəskin olan ekoloji vəziyyəti daha da mürəkkəbləşdirir.
“Təmiz şəhər” ASC-nin məlumatına görə, son illər görülən işlər nəticəsində
artıq ən böyük göllərdən sayılan Böyükşor gölü və onun sahili ekoloji fəaləkət zonasından istirahət zonasına çevrilib. Böyükşor gölünün kompleks bərpası layihəsi iki hissədən ibarətdir. İlkin mərhələnin icrası və layihə ərazisinin təcrid edilməsi məqsədilə layihə ərazisində 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü iki hissəyə ayrılıb. Bu bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək 8 xətli magistral yolun özülü olacaq. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.
Məlumata görə, sovet dövründən etibarən Böyükşor gölünə axıdılan sənaye və məişət tullantı sularının və neft qalıqlarının qarşısı artıq böyük həcmdə alınıb. Belə ki, layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılırdı. Layihə ərazisində bu mənbələr tamamilə ləğv edilib, qalan sahədə isə 20-yə endirilib və bu göstərici azalmaqdadır. Gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86-ya enib ki, bu da gölün dibinin artıq ekoloji normalar çərçivəsində olması deməkdir. Layihə ərazisinin cənub sahili boyunca kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Gölə axıdılan bütün mənbələrin qarşısının alınması suyun keyfiyyətini yaxşılaşdırır. Neftlə çirklənmiş əsas ərazi – layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Qədim Balaxanı neft yataqlarının gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca 1850 metr uzunluğunda bənd inşa edilib. Eyni zamanda yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür. Layihənin ilkin mərhələsində 2,8 milyon kubmetr həcmində çöküntü göl dibindən çıxarılaraq gələcəkdə zərərsizləşdirilməsi üçün müvəqqəti təcrid edilmiş anbar ərazisinə toplanmışdır. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb.
Gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Layihə ərazisinin şərq və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Həmçinin gölün şərq sahilində metal lövhələrlə çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub. Bu ərazidə sahilboyu gəzinti zolağının uzunluğu 2.5 kilomtrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, velosipedlərlə təmin edilib, 80 minə yaxın ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Bir sözlə, burada paytaxt sakinlərinin və qonaqların istirahət etməsi üçün hər bir şərait yaradılıb.Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.
Böyükşor gölünün tam bərpasını nəzərdə tutan növbəti mərhələdə göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.
Böyükşor gölünün bərpası layihəsi ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar çərçivəsində həyata keçirilir.
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.