HDİM insan alverinə qarşı mübarizə ilə bağlı layihənin ilk tədbirini keçirib

22:43 12.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizədə vətəndaş təşəbbüslərinin artırılması” layihəsi çərçivəsində ilk tədbirini Bakı şəhərindəki 51 nömrəli orta məktəbdə keçirib.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin rəhbəri İlham Əliyev problemin aktuallığından və  insan alveri cinayətlərinin dünyada yaratdığı fəlakətdən danışıb. İlham Əliyev  insan alveri cinayətlərinin qarşısının alınması üçün vətəndaş həmrəyliyinə nail olunmasının vacibliyini söyləyib. Layihə rəhbəri qeyd edib ki, gənclər xaricə gedərkən valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.

51 saylı orta məktəbin direktoru Tərlan Bayramova təhsil işçilərinin bu sahədə daha məsuliyyətli olduqlarını və müəllimlər tərəfindən şagirdlərin bu mövzuda davamlı maarifləndirildiyini deyib. Direktor qeyd edib ki, müasir dövrdə uşaqların təhsil və tərbiyəsinin əhəmiyyəti daha da artıb və bu işdə valideynlərlə müəllimlər birgə çalışır. O, insan alverinə qarşı mübarizədə təhsil işçilərinin əllərindən gələni edəcəklərini bildirib.

Layihənin eksperti, sosioloq Elçin Bayramlı gəncləri internet saytlarından və sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb və qeyd edib ki, insan alveri qurbanları əsasən uşaqlar, gənclər və savadsız insanlar olur: “Valideynlər xüsusilə diqqətli olmalı, azyaşlı uşaqları sosial şəbəkələrdən uzaq tutmalı, gənclərə isə nəzarət etməlidir. Bu sahədə maariflənmə vacibdir, media və qeyri-hökumət təşkilatları bu işdə fəal olmalıdırlar. Diləndirilən uşaqlarla, cinsi və digər məqsədlərlə istismar olunan vətəndaşlarla bağlı müvafiq orqanlara məlumat verməlidirlər. Ən əsası isə valideynlər uşaqlarını bu hallarla bağlı məlumatlandırmalı və onlara daim nəzaərt etməlidirlər”.

Tədbirdə iştirak edən 51 nömrəli orta məktəbin müəllimləri və digər ictimaiyyət nümayəndələri insan alveri cinayətlərinə qarşı mübarizədə həmrəyliyin vacibliyini qeyd ediblər.

Sonda layihənin ekspertləri tərəfindən ictimaiyyət və media nümayəndələrini maraqlandıran suallara cavab verilib. İştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıb.