Heydər Əliyev və Azərbaycan elmi

11:24 05.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər bir dövlətin gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. Bu baxımdan müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev Azərbaycan elminin inkişafına xüsusi diqqət yetirirdi. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz ulu öndərin adı ilə bağlı idi.

Azərbaycan aliminə və elminə elə ilk gündən yüksək qayğı göstərən Heydər Əliyev bu sahədəki fəaliyyətini ardıcıl və sistemli şəkildə həyata keçirirdi. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərinin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı, Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur, onlar mükafatlandırılırdı. Ümummilli lider Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Bu sahədə onun fəaliyyəti kifayət qədər uğurlu idi. Əgər 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat institutlarında, digər layihə müəssisələri və problem laboratoriyalarında 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzvü, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21 407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı 7 594 nəfərə çatmışdı. 1970–1980-ci illərdə respublikamızda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı. Respublika Elmlər Akademiyasının 56 həqiqi üzvü və 71 müxbir üzvü var idi. 123 elmi idarə və 17 ali məktəbin kafedralarında 22 min elmi əməkdaş, o cümlədən 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı.

Keçən əsrin 70–80-ci illərində yeni elm sahələrinin, elmi istiqamətlərin yaranması respublikamızda elmin inkişafına çox müsbət təsir göstərmişdi. Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə kimya, neft emalı və neft-kimya sənayesinə kapital qoyuluşu artırılmış, bu sahədə ən qabaqcıl texnologiya tətbiq olunmuşdu. Neft-kimya sənayesi modernləşdirilmiş və yenidən qurulmuşdu. Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdi. Ulu Öndərin uzaqgörənliyi ilə Azərbaycanda onlarla nəhəng sənaye kompleksi-neft emalı, neft-kimya, maşınqayırma, cihazqayırma müəssisələri yaradıldı ki, bunlar da elmin sürətli inkişafını təmin etdi.

Hər kəsə məlumdur ki, keçən əsrin 80-ci illərin sonu 90-cı illərinin əvvəlləri Azərbaycan üçün ən çətin və ağır dövr idi. Həmin illərdə mövcud olan hərc-mərclik digər sahələrdə olduğu kimi Azərbaycan elminə də ciddi zərbələr vurmuşdu. Bütün sahələrdə olduğu kimi, elm sahəsində də durğunluq hökm sürürdü. Amma ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra, 1993-cü ilin iyunundan başlayaraq bütün sahələrdə olduğu kimi, elm sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyillərin qarşısı alındı. Milli elmimizin inkişafı üçün əlverişli siyasi, iqtisadi, hüquqi mühit yaradıldı. Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu strategiyasında belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının şəffaf və hamar yolu mütləq və mütləq milli elmdən, milli təhsildən keçməlidir.

Azərbaycan elmi öz şanlı inkişafına görə məhz ulu öndərimiz Heydər Əliyevə minnətdardır. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ictimaiyyət nümayəndələri ilə ilk görüş üçün Akademiyanı seçən, ilk görüşünü məhz Azərbaycan alimləri ilə keçirən Heydər Əliyevin bu addımı, heç şübhəsiz ki, onun elmə, intellektə, intellektual potensialın daşıyıcıları olan insanlara verdiyi böyük dəyərin ifadəsi idi.

Elə həmin görüşdə alimlərin narahatçılığına son qoyan Heydər Əliyev AMEA-nın yenidən dirçəldiləcəyini dilə gətirir: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir”.

1997-ci il yanvarın 31-də Azərbaycan Prezidenti Heydər Əliyev növbəti dəfə Azərbaycan Elmlər Akademiyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini vurğulayır, Azərbaycanda elmi inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirir. Bu görüş Azərbaycan elminin və Elmlər Akademiyasının tarixində böyük əhəmiyyət kəsb etməklə elmimizin nüfuzunu yenidən artırdı, onun cəmiyyətdəki rolu və mövqeyini möhkəmləndirdi. Akademiyanın cəmiyyətdə yeri və rolundan bəhs edən ulu öndər vurğulayırdı: “Elmlər Akademiyasına keçmiş illərdə də və son illərdə də mənim hörmətim və diqqətim, qayğım olmuşdur. Ancaq, hesab edirəm ki, bizim elmimizə, xüsusən Elmlər Akademiyasına qayğı, diqqət daha da artıq olmalıdır. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz ki, bu mənim fikrimdir - Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir. Azərbaycan dövlətinin ən yüksək elmi müəssisəsi Elmlər Akademiyasıdır. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq, heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz. Azərbaycan Elmlər Akademiyası dövlətin akademiyasıdır. Prezidentin birbaşa himayəsi altındadır, tabeliyindədir və Prezidentin qarşısında cavabdehdir”.

Beləliklə, ümummilli lider bu tarixi nitqi ilə Azərbaycan Elmlər Akademiyasına ikinci həyat verdi. Heydər Əliyevin akademiyadakı görüşü Azərbaycan elminin və Elmlər Akademiyasının tarixində böyük əhəmiyyət kəsb etməklə elmimizin nüfuzunu yenidən artırdı, onun cəmiyyətdəki rolu və mövqeyini möhkəmləndirdi.

Heydər Əliyev ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdi. Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilmiş, bununla da akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdi. 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əməkhaqları bir neçə dəfə artırılmış, 2002-ci ilin 12 avqustunda AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalanmış, böyük öndərimizin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdi.

Azərbaycan elmində ümummilli liderin Milli Elmlər Akademiyasının statusu, Nizamnaməsi və AMEA prezidentinin təsdiqi haqqında 4 yanvar 2003-cü il tarixli fərmanı da xüsusi əhəmiyyətə malikdir. Böyük öndərimizin bu addımı Milli Elmlər Akademiyası sistemində əsaslı islahatların aparılmasına, texniki bazanın modernləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasına, dünya ölkələrinin elm sahəsində əldə etmiş olduğu ən mütərəqqi təcrübənin mənimsənilməsinə, elmi-tədqiqat ins­titutlarında, mərkəzlərdə işin keyfiyyət əmsalının artırılmasına, elmi ictimaiyyətin diqqətinin cəmiyyət həyatı üçün xüsusi aktuallıq kəsb edən problemlərə yönəlməsinə geniş şərait yaratdı.