Azərbaycan bu gün regionun ən qüdrətli dövlətlərindən biri, siyasi və iqtisadi məsələlərin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Ölkəmiz bütün sahələrdə, o cümlədən yüksək inkişaf etmiş iqtisadiyyatı ilə dünya arenasında öz adından bəhs etdirir. Təbii ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər və sonrakı dövrlərdə bu nailiyyətlərin uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Hətta son illər bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıdıb.
Qeyd edək ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünün - 1969-1982-ci və 1993-2003-cü illərin sosial-iqtisadi vəziyyətinin statistik təhlili göstərir ki, o, ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmış, uzaqgörənliklə, əsaslandırılmış şəkildə hazırlanan, respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramlarının müəllifi olmaqla onların icrasına tam nail olmuşdur. Əslində, Heydər Əliyev 1969-cu ildə ölkə rəhbəri seçilən vaxt Azərbaycan iqtisadiyyatı keçmiş İttifaq ölkələri ilə müqayisədə çox zəif inkişaf etməklə milli gəlirinin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən geri qalırdı. Belə ki,1960-cı ilə nisbətən 1965-ci ildə SSRİ-də sənaye məhsulu 65,0 faiz artdığı halda Azərbaycanda bu göstərici cəmi 41,0 faiz təşkil edirdi. Əsas kapitala qoyulmuş investisiyaların daha çox hissəsinin neft sənayesinə yönəldilməsi səbəbindən iqtisadiyyatın digər sahələri, o cümlədən kənd təsərrüfatı diqqətdən kənarda qalmış, nəticədə, əsas aqrar məhsulları üzrə - taxıl, pambıq, üzüm, kartof, bostan-tərəvəz məhsullarında məhsuldarlıq müttəfiq respublikaların çoxundan geri qalmışdı. 1960-1969-cu illərdə taxıl istehsalında məhsuldarlıq 10,4 sentnerdən 9,5 sentnerə, pambıqda 16,6-dan 15,1 sentnerə düşmüşdü. Belə bir çətin dövrdə Azərbaycana rəhbərliyə başlayan Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkə iqtisadiyyatının dərindən və kompleks təhlilinə, geriliyin əsas səbəblərini aşkara çıxarmağa nail oldu. İqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün yeni inkişaf strategiyaları, proqramlar hazırlandı və mərhələli şəkildə onların icrasına başlanıldı. Hər bir məsələyə xüsusi həssaslıqla yanaşan ümummilli lider strateji xətti və prioriteti yüksək peşəkarlıqla müəyyənləşdirməklə ölkənin sosial-iqtisadi inkişaf modelini yaratmağa müvəffəq oldu. Nəticədə, ölkə iqtisadiyyatı böhrandan çıxdı, onun bütün sahələrində istehsalın sürətlə artması müşahidə olundu, iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir 1969-1982-ci illərdə 2,5 dəfə artdı.
1969-cu ildən başlayaraq…
Bu illər ərzində sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə artmış, ölkə sənayesi keçmiş İttifaqın bütün respublikaları arasında daha yüksək sürətlə - orta illik artımı 7,9 faiz olmaqla inkişaf etmiş, sənaye istehsalının ümumi həcmi 1970-ci ilədək olan 25 illik dövrün istehsalını 2,0 dəfə üstələmişdi.1969-cu ildən başlayaraq, respublikada tikinti kompleksinin inkişafına xüsusi qayğı göstərilmiş, mövcud istehsal potensialından daha səmərəli istifadəyə başlanmışdı. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının inkişafında, xüsusilə qeyri-neft sahəsində mühüm əhəmiyyəti olan 170-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, mövcud müəssisələr yenidən qurulmuş, genişləndirilmiş və yeni istehsal sahələri istismara verilmişdi. İrimiqyaslı tikinti proqramının həyata keçirilməsi üçün böyük məbləğdə kapital qoyuluşu cəlb edilmiş, 1969-1982-ci illərdə iqtisadiyyatın inkişafına 1920-1968-ci illər ərzində istifadə edilmiş kapital qoyuluşundan 4,5 dəfə çox vəsait yönəldilmişdi. Təkcə 1982-ci ildə istifadə edilmiş kapital qoyuluşunun həcmi 1950-ci ildəkindən 29,5 dəfə, 1956-cı ildəkindən 12,6 dəfə, 1968-ci ildəkindən 6,7 dəfə çox olmuşdu. Nəticədə, 1969-1982-ci illərdə əhalinin mənzil şəraiti tanınmaz dərəcədə dəyişmiş, ümumi sahəsi 19,4 milyon kvadratmetr olan yaşayış evləri tikilərək əhalinin istifadəsinə verilmişdi. Bu illərdə 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana, növbədə 13,7 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri inşa edilmişdir. 1982-ci ildə istifadəyə verilmiş xəstəxana çarpayılarının sayı 1969-cu illə müqayisədə 42,2 faiz, məktəbəqədər uşaq müəssisələrində yerlərin sayı isə 16,1 faiz artmışdı.
Müstəqilliyin ilk illəri çətin olsa da...
Tarixi faktlara nəzər salsaq görərik ki, SSRİ parçalandıqdan sonra 1991-ci ildə əldə edilən müstəqilliklə iqtisadi sahədə bir çox problemlər, boşluqlar olduğu meydana çıxdı. 70 ildən artıq tətbiq edilən sovet modelli bir təsərrüfatla işləyən Azərbaycan, artıq müstəqil və inkişaf etmiş dövlət olaraq bazar iqtisadiyyatına keçməli və azad, sərbəst iqtisadiyyata başlamalı idi. Lakin bu o qədər də asan deyildi. Azərbaycanın siyasi arenada rastlaşdığı problemlər, başlanan müharibə və ölkə daxilini bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafının sürətlənməsinə mane olan əsas səbəblər idi. Ölkə daxilində iqtisadi inkişaf və əhalinin yaşam səviyyəsinin yəksəlməsindən çox hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın təbii sərvətlərinin kortəbii mənimsənilməsi və ölkənin daxilində hakimiyyət uğrunda aparılan mübarizə, erməni separatçı qüvvələri ilə gedən amansız müharibə ölkənin iqtisadiyyatını zəiflədirdi.
1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış, işsizlərin sayı artmışdı. Müharibə nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması böhranı aradan qaldırmağa mane olurdu. Amma az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Nəticədə artıq nəinki yerli investorlar, xarici sərmayədarlar da Azərbaycan iqtisadiyyatına maraq göstərməyə başladılar.
Heydər Əliyevin şah əsəri - “Əsrin müqaviləsi”
Azərbaycan Prezidenti Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.
“Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb-tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail olur.
1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmış, bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq Ulu öndərimizin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi, 2003-cü ildə kəmərin tikintisinə başlanıldı. Çox çətinliklərə baxmayaraq Heydər Əliyevin seçdiyi yol uğurlu oldu və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi.
Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Heydər Əliyev neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qalıb. 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzaladı. Ulu öndər Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirildi.
Təbii ki, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan Dövlətinin banisi Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunub, ölkə əhalisinin həyat səviyyəsi yüksəlibdir.