Heydər Əliyevin əsasını qoyduğu milli ideologiya - Aktual

11:33 02.03.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər bir xalqın özünəməxsus tarixi, mədəniyyəti, dəyərləri, milli xüsusiyyətləri mövcuddur. Təbii ki, milli kimliyinə, dəyərlərinə, mədəniyyətinə sahib çıxmayan xalq heç bir zaman tarixdə qala bilməz.   Müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Tarixi baxımdan onun inkişafı Orta əsrlərdə bu istiqamətdə formalaşmış strukturların dağılması və yeni ictimai-iqtisadi quruluşun və bunun nəticəsində formalaşan millətlərin təşəkkülü ilə əlaqədardır. Bütövlükdə ideologiyanın milli tipi vətəndaşların cəmiyyətə siyasi tələblərini ifadə edir, onların sosial statusunu milli mənsubiyyətlə və milli-mənəvi dəyərlərlə yüksəltməyə istiqamətlənir. Milli ideologiya hər şeydən əvvəl milli dəyərlərin təbiətinin bu və ya digər səviyyədə başa düşülməsini ehtiva edir. Daha dəqiq desək, müəyyən tarixi şəraitdə yaranmış milli ideologiya mədəni normalarla və milli-mənəvi dəyərlərlə əhatə olunmuş milli özünüdərki və milli ruhu təcəssüm etdirir, milli-mədəni yekcinsliyin güclənməsinə imkan yaradır. Bu baxımdan, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub.

Keçən əsrin 80-ci illərinin sonları xalqımızın milli özünüdərki tarixində önəmli yer tutur. Həmin dövrdə bu prosesin baş qaldırması və tədricən güclənməsinin əsas səbəbi SSRİ adlanan böyük bir coğrafi məkanda yaşayan millətlərə, o cümlədən, xalqımıza qarşı məqsədyönlü təzyiqlərin artırılması, millətin mental dəyərlərdən və adət-ənənələrdən uzaqlaşdırılması, xalqın təbii sərvətlərinin istismarı, müstəqil siyasi fəaliyyətin qarşısının alınması və s. bu kimi mərkəzdə planlaşdırılmış siyasətin aparılması idi və əslində, bu siyasət yarandığı gündən məhvə məhkum idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə istiqlaliyyətini bərpa etmiş Azərbaycanda xalqın milli birliyinin yaradılması ən aktual vəzifə kimi qarşıda dayanırdı. Çünki həmin dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də, müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması yalnız xalqın ideya birliyinin yaradılmasından asılı idi. Lakin çox təəssüf ki, müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edən qüvvələr bu tarixi zərurəti obyektiv şəkildə qiymətləndirə bilmədilər. Nəticədə Azərbaycanda cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi pərakəndəlik və ideoloji parçalanma meyilləri müşahidə edilməyə başlandı. Halbuki, o dövrdə ümummilli birliyə nail olmaq üçün kifayət qədər obyektiv şərait mövcud idi. Ən acınacaqlısı isə o idi ki, bu pərakəndəlik xaricdə yaşayan soydaşlarımız arasında da özünü açıq şəkildə büruzə verirdi. Həmin dövrdə hakimiyyətdə olan qüvvələr bu kimi taleyüklü problemləri həll etmək əvəzinə siyasi naşılıq göstərərək milli birlik, milli özünüdərk kimi mühüm siyasi problemlərin həllini şəxsi mənafe və ambisiyalarına qurban verdilər.

Məhz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında ideya birliyinin yaradılması və bu ideologiyanın əsaslarının hazırlanması prosesi 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişindən başlayaraq həyata keçirildi. İlk vaxtlar respublikanın daxilində mövcud olan problemlər, siyasi xaos, iqtisadi tənəzzül, müharibənin davam etməsi və s. ciddi nailiyyətlər qazanmağa imkan verməsə də, aparılmış ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq, 1990-cı illərin sonlarında bu sahədə əsaslı dönüş yaratmaq mümkün oldu. Məhz bu dövrdən etibarən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başladılar.

Ulu Ööndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən ulu öndər dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, Azərbaycan cəmiyyətinin inkişafının təməlini azərbaycançılıq məfkurəsi təşkil edir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirir və azərbaycanlı anlayışının mahiyyətini müəyyən edir: "Azərbaycançılıq dövlət müstəqilliyini və milli təhlükəsizliyin qorunmasını strateji məqsəd kimi müəyyən edən Azərbaycan xalqının vahid ideologiyasıdır. Azərbaycan xalqı həmin ideologiya ətrafında sıx birləşib və tarixin bütün dövrlərində milli və mənəvi dəyərlərini qoruyub saxlaya bilib. Azərbaycançılıq ideologiyası dövlətimiz əleyhinə yönəlmiş anti-milli qüvvələrlə mübarizədə ən güclü silahımızdır. Milli ideologiyamız ölkədə hüquqi və sosial dövlət quruculuğunun inkişafına xidmət edir. Bu xidmətdə biz də vətəndaş borcumuzu yerinə yetirməliyik. Burada Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkmək yerinə düşər. Ulu Öndər qeyd etmişdi ki, hər bir azərbaycanlı azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır".

Millət vəkili qeyd edib ki, Azərbaycançılıq ideologiyası dedikdə ölkə daxilində, eləcə də xaricdə yaşayan müxtəlif xalqların, millətlərin və dinlərin nümayəndələrinin bir çətir altında, vahid təfəkkür və vahid ideologiya ətrafında toplaşması başa düşülür: "Diqqət etsək, görərik ki, ölkədə xeyli sayda millətlərin nümayəndələri, fərqli dinlərə mənsub insanlar azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. Həmrəylik azərbaycançılıq təfəkkürünün formalaşması üçün vacib faktordur. Burada Azərbaycanda yaşayan xalqların adət-ənənəsi, dili, dini və mənəvi dəyərlərinin qorunması nəzərdə tutulur. Ölkədə həmin ideologiyanın qorunması və təbliği uğurla icra edilir. Əlbəttə ki, dövlət də azərbaycançılıq ideyasının geniş təbliğində maraqlıdır. Azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin ideologiya Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində müstəqil Azərbaycan Dövlətinin ideya əsasına çevrilib. Ümummilli Lider Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı.

Heydər Əliyev irsinə dərin ehtiram nümayiş etdirən möhtərəm Prezident İlham Əliyev də fəaliyyəti müddətində azərbaycançılıq məfkurəsinin geniş ictimai dəyər qazanmasına çalışıb, bu siyasəti böyük uğur və peşəkarlıqla davam etdirib. Sözsüz ki, dövlət azərbaycançılıq ideologiyasının ölkədə geniş təbliği üçün ciddi addımlar atır. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva öz əməlləri və fəaliyyətləri ilə bu mənada nümunəvi yanaşma sərgiləyirlər. Bu baxımdan, Azərbaycanda azərbaycançılıq ideologiyasının uğurla həyata keçirildiyini əminliklə deyə bilərik”.

C.Məmmədov vurğulayıb ki, hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir: “Ulu Öndər 1993-cü ilin sentyabr ayında Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” - deyə söyləmişdir. Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin "Heydər Əliyev İli" kimi keçirilməsi cox məqsədəuygundur və inaniriq ki, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir”.