Heydər Əliyevin əsasını qoyduğu sosial siyasət modeli

11:39 06.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Müasir Azərbaycanın bugünkü inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrkən ölkəmiz bütün sahələrdə ən ağır böhran içində yaşayırdı. Ölkə dağılmaq, parçalanmaq ərəfəsində idi. Belə bir tarixi anda xalqımız dahi, uzaqgörən siyasi lider, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşərək müstəqil dövlətin yaşamasına nail oldu. Ölkəmiz məhz dahi liderin rəhbərliyi altında mürəkkəb ictimai-siyasi proseslərdən üzüağ çıxdı, regionun strateji əhəmiyyətə malik dövlətinə çevrildi.

Təbii ki, müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhran meyillərin qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Buna isə yalnız uzaqgörən, zəngin təcrübəyə, çoxtərəfli biliyə və vətənpərvər, öz fəaliyyətində milli maraqlara söykənən liderin siyasəti sayəsində nail olmaq mümkün idi. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verdi.

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə siyasi sabitlik yaradıldıqdan sonra iqtisadi islahatların həyata keçirilməsinə başlandı. İqtisadi islahatların və liberal bazar münasibətlərinin genişlənməsi və sürətlənməsi məqsədilə ilk növbədə bu sahədə müvafiq qanunların, baza sənədlərinin mövcudluğu, onların təkmilləşdirilməsi prosesi uğurla həyata keçirildı. Buna görə də Azərbaycan hökuməti tərəfindən sosial və iqtisadi sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi,bu sahədə yeni qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar atıldı. Bununla yanaşı, 1993-2003-cü illərdə qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı çox sistemli işlər görüldü. Eyni zamanda həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. İqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələri ilə sıx inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxış üçün əlverişli imkanlar yaratdı.

Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətinin ən əsas xarakterik cəhətlərindən olan sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, eləcə də, onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Heydər Əliyevin sosial siyasətinin inkişaf tarixinə diqqət etsək, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial sahədə əhəmiyyətli addımlar atılmışdır. Müxtəlif kateqoriyalı şəxslərin, daha doğrusu əhalinin həssas qruplarının, xüsusən günümüz və hər birimiz üçün prioritet olan I və II Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" və digər qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.

Yaxın tariximizə nəzər salsaq görərik ki, 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) hər il orta hesabla 16,5 faiz azalmış, iqtisadiyyatın bütün sahələrində dözülməz və acınacaqlı vəziyyət yaranmışdı. 1985-ci illə müqayisədə 1991-ci ildə sənaye məhsulunun həcmində 10, 1992-ci ildə 37, 1993-cü ildə isə təxminən 50 faizə qədər azalma baş vermişdi. 1992-1993-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1993-cü ilə qədər ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi mümkün olmamışdı. Heç şübhəsiz ki, yaranmış bu cür vəziyyət ölkə əhalisinin sosial durumuna öz mənfi təsirini göstərirdi. 1991-1993-cü illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına düşən pul gəlirləri isə 3,6 dəfə aşağı düşmüş, əmək haqqı 5,7 dəfə azalmışdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra - 1993-cü ildən başlayaraq aparılan uğurlu islahatlar iqtisadiyyatımızda artım tempinin yüksəlməsinə, ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına və dövlətimizin büdcə gəlirlərinin ilbəil artmasına şərait yaratdı. Beləliklə də sənayedə yaşanan böhran və tənəzzülün qarşısı alındı, Azərbaycan iqtisadiyyatı inkişaf və yüksəliş yoluna qədəm qoydu. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manat təşkil etdi. Bu ilk uğurlara söykənilərək ölkə vətəndaşlarının sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atıldı və bir çox qərarlar, proqramlar qəbul edildi. 1995-ci ildən başlayaraq ölkədə iqtisadi tənəzzül dayandı və bu, sosial sahədə siyasətin konkret istiqamətlərinin müəyyənləşməsinə, islahatlar aparılmasına və sosial siyasətin geniş hüquqi bazasının yaranmasına təkan verdi. Hazırda Azərbaycanda sosial siyasətin əsas istiqamətləri liberal iqtisadiyyata, insan haqlarına və demokratik dəyərlərə əsaslanan uğurlu iqtisadi-siyasi modelə uyğundur. Bu model başlıca olaraq əmək münasibətləri, aztəminatlı təbəqənin sosial müdafiəsi, pensiya təminatı, sosial müavinətlər, sosial xidmət, sosial sahələrin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, sosial infrastruktur kimi məsələləri əhatə edir.

Ümummilli Lider Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, təhsil, səhiyyə, sosial müdafiə, demoqrafik inkişaf, məşğulluq, yoxsulluğun azaldılması, sosial evlər, məcburi köçkünlərin məskunlaşması, ünvanlı sosial yardım, özünüməşğulluq və s. sahələrdə onlarla digər proqramlar qəbul edildi.

Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Bu kontekstdə də görürük ki, onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bu tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

Qeyd etdiyimiz kimi, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün də sistemli və ardıcıl xarakter daşıyır. Ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməyib. Şəhid ailələri və müharibə əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik sığorta ödənişinin verilməsi, aylıq olaraq şəhid ailəsinə Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının ən böyük nümunəsidir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında imzaladığı 8 dekabr 2020-ci il tarixli fərman da bu humanist addımlardan biridir. “YAŞAT” Fondu şəhid ailələrinə və qazilərə əlavə dəstək üçündür. Bu Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. “YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutaraq onların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görürlər. Həyata keçirilmiş tədbirlər çərçivəsində hazırda hər bir şəhid ailəsi və qazinin həyat şəraitinin yaxşılaşdırılması üçün proses davam edir. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları qarşılanır.

Bütün bunlar, bir daha təsdiq edir ki, Azərbaycanda dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Başqa sözlə, həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin  ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olduğunun bariz nümunəsidir.