Azərbaycanda himayədar ailə modeli ilə bağlı yeni mexanizm yaradılır. Ailə Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsinin qarşısı alınacaq, bununla da həmin uşaqların ailə mühitində tərbiyəalma imkanları genişləndiriləcək.
Belə ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, uşaqların müəssisələrdən ailələrinə qaytarılması, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması məsələləri ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi tapşırığı qoyulub.
Bu tapşırıqlardan irəli gələrək, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər himayədar ailə institutunun tətbiqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirmə prosesinin təkmilləşdirilməsi, onların müəssisələrə düşməsinin qarşısının alınması, bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 142-145-ci maddələrində himayədar ailə ilə bağlı hüquqi əsaslar müəyyən edilsə də, bu institut praktikada tətbiq olunmamış, bu sahədə konkret idarəetmə mexanizmləri müəyyən edilməyib. Bu baxımdan təqdim olunan Qanun layihəsində beynəlxalq işlək normativ hüquqi aktlardan, habelə övladlığagötürmə sahəsində qanunvericilik və institusional baxımdan əldə edilmiş təcrübədən yararlanmaqla himayədar ailə olmaq istəyən şəxslərin və himayədar ailə qayğısında olan uşaqların vahid elektron uçotu, himayədar ailələrin yaranması, himayədar valideyn-namizədlərlə müsahibələrin, təlimlərin keçirilməsi, uyğunlaşdırma mərhələsi, himayədar valideynlərlə müqavilə bağlanması, habelə himayədar valideyn olmaq istəyən şəxslərə dair tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, himayədar ailəyə verildikdən sonra uşağın monitorinqi və s. məsələlər öz əksini tapıb.
Beləliklə, təklif olunan dəyişikliklərin qəbulu himayədar ailə institutunun uğurlu tətbiqinə, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsinin qarşısının alınmasına, bununla da həmin uşaqların ailə mühitində tərbiyə alma imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbət zamanı qeyd edib ki, uşağın ailə ortamında böyüməsi onun hərtərəfli inkişafını təmin edən əsas amildir:
“Övladlığaverilmə, himayədar ailə, qəyyumluq qaydalarının yenilənməsi, daha da təkmilləşdirilməsi ailə institutunun möhkəmlənməsinə xidmət edir. Burada əsas məqsəd uşaqların ailə ortamında böyüməsini, inkişafını təmin etməkdir. Hamımız bilirik ki, dövlət müəssisələri var və uşaqlar orada da maddi cəhətdən təmin olunmuş halda yaşayırlar. Məsələ təkcə maddiyyatda deyil. Hər bir uşağın ailəyə, ana, ata məhəbbətinə, doğmalarının qayğısına ehtiyacı var. Təkcə uşaqların deyil, elə hamının. Dövlət uşaq müəssisələrində böyüyənlər arasından istedadlı, savadlı, vətənə layiqli övladlar, gənclər çıxır. Amma dövlətin ali məqsədi mümkün olduğu qədər hər bir uşağın ailəyə sahib olmasıdır. Çünki uşaqlar məhz ailə ortamında hərtərəfli inkişaf etmək imkanıına malikdir. Biz istisnaları kənara qoyaq. Bəli, elə ailələr var, uşağa heç nə vermir. Uşağın nə maddi təminatı olur, nə də mənəvi. Cəmiyyətə baxsaq, hər cür ailə nümunəsi ilə qarşılaşa bilərik. Lakin biz istisnaları deyil, ümumi vəziyyəti əsas götürməliyik. Ümumilkdə isə sosioloqlar, psixoloqlar, pedaqoqlar uşaqların məhz ailə daxilində normal inkişafının mümkün olduğu fikrindədir. Və bu, doğru qərardır. Ona görə də dövlət himayədar ailə, qəyyumluq məsələləirndə vətəndaşların təşviq edilməsi prinsipini prioritet hesab edir. Və bu məqsədlə də müəyyən addımlar atılır”.
Millət vəkili Tamam Cəfərova da hesab edir ki, himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biridir: “Bu model dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarını və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. Ailə Məcəlləsində nəzərdə tutulan müvafiq dəyişikliklə himayədar ailə institutunun hüquqi əsasları qanunda təsbit olunacaq.
Bu baxımdan nəzərdə tutulan dəyişiklik valideyn himayəsindən məhrum olunmuş uşaqlara dövlətin qayğısını özündə əks etdirməklə bərabər, onların cəmiyyətə inteqrasiya olunmasını, ailə mühitində tərbiyə alıb, cəmiyyətə faydalı vətəndaşlar olaraq yetişməsini nəzərdə tutan mühüm dəyişiklikdir”.
O qeyd edib ki, himayədar ailə alternativ ailə, qayğı formasıdır, yəni valideyn himayəsindən məhrum olmuş uşaqlar qayğıya cəlb edilməklə onların ailə mühitində yaşaması təmin edilir: “Bu baxımdan birinci prioritet uşaqların öz ailələrində qalması, ikincisi övladlığa verilməsi, üçüncüsü isə himayədar ailə xidmətindən faydalanmaqla ailə mühitində yaşamasıdır. Bu mexanizmin Azərbaycanda necə işləyəcəyini müəyyənləşdirmək üçün araşdırmalar aparılıb. Bunun din, mədəniyyət və cəmiyyət baxımından bizə yaxın olan Türkiyədə uğurlu tətbiq olunduğu müşahidə edilib.Türkiyədə 8 minə yaxın himayədar ailə var. Avropa ölkələrində də bu model geniş tətbiq olunur. Azərbaycanda himayədar ailə mexanizmi qanunvericilikdə nəzərdə tutulsa da, bu vaxta qədər tətbiq olunmurdu".
Millət vəkili hesab edir ki, bu model Azərbaycan cəmiyyəti üçün yad deyil: “Cəmiyyətdə kifayət qədər ailələr var ki, öz qohumunun, qonşularının övladlarını götürüb saxlayır, qeyri-rəsmi qayğı göstərirlər. Buna görə hər hansı ödəniş almırlar. Hüquqi mexanizm formasında təsdiq edilməsi bu qayğını daha cəlbedici edəcək. Mexanizm yeni olduğu üçün ilk vaxtlarda müraciət sayı az və ya müəyyən problemlər ola bilər, amma bunlar zamanla həll olunacaq. Məsələn, Türkiyədə bir neçə onillikdir ki, bu mexanizm tətbiq olunur, Əvvəlki illərdə himayədar valideynlərin sayı az olsa da, hazırda dövlətin diqqəti sayəsində onların sayı artıb”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Azərbaycanda himayədar ailə institutunun yaradılmasının kifayət qədər vacib addım olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşaması son dərəcə mühüm istiqamətlərdəndir:
“Bu model təkcə Türkiyədə deyil, inkişaf etmiş ölkələrin hər birində var. Azərbaycanda məhz Türkiyə modelinin tətbiqi təqdirəlayiqdir. Həm millət olaraq birliyimiz, həm də qanunvericiliyimizdəki bənzərliklər fonunda bu modelin Azərbaycanda tətbiqinin uğurlu olacağını düşünürəm. Türkiyədə sosial iş institutu kifayət qədər formalaşıb və onların peşəkar kadrlarının təcrübələrindən yararlanmaq ölkəmiz üçün faydalı bir işdir. Qoruyucu ailələrin sayəsində hər il Türkiyədə nə qədər uşağın uşaq müəssisəsinə düşməsinin qarşısı alınır”.
K.Ağazadənin sözlərinə görə, Türkiyənin “Qoruyucu ailə sistemi”nin Azərbaycanda da tətbiq olunması uşaqların düzgün formalaşması, layiqli vətəndaş kimi böyüməsi baxımından çox önəmli bir layihədir: “Uşaq müəssisələrində böyüyən uşaqların kütləvi tərbiyələndirilməsindənsə, bu uşaqların xüsusi təlim keçmiş himayədar ailələrdə böyüməsi və tərbiyə alması daha məqsədəuyğundur. Azərbaycanda himayədar ailələrin yaradılması bir qədər çətin olsa da, mümkündür. Bizim xalqımızın mentalitetində var ki, hansısa uşağa baxırlarsa, onu özününküləşdirsinlər. Belə düşünürlər ki, uşağa baxıb onun böyüməsinə dəstək olacaqlarsa, ona valideynlik hüququ onlara məxsus olmalıdır. Bəzən ehtiyat edirlər ki, qayğı və dəstək göstərdikləri uşaq böyüyəndə öz ata-anasının yanına qayıdar.
Ona görə də himayədar ailə ilə bağlı insanlara məlumat vermək, himayədar ailə modelini yaratmaqda əsas məqsədin ailə qayğısından məhrum olmaq riski ilə üzləşən uşaqların uşaq evlərinə düşmə təhlükəsini önləmək məqsədinə xidmət etdiyi izah olunmalıdır”.