Kadir İnanırdan pərəstişkarlarına şad xəbər

09:15 13.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin mart ayında beynindəki qan laxtalanması səbəbilə xəstəxanaya yerləşdirilən ustad aktyor Kadir İnanır çətin müalicə müddətindən sonra sağlamlığına qovuşsa da, ağ ciyərlərindəki infeksiyaya görə iyul ayında yenidən reanimasiyaya aparılmışdı.

Hafta.az-ın yazdığına görə, İnanırın səhhəti ilə bağlı pərəstişkarlarının həyəcanlı gözləməsinə son qoyan sənətçinin həyat yoldaşı Jülidə Kural olub. Kural vəziyyəti günü-gündən yaxşılaşan və müalicəsi Qoç Universiteti Xəstəxanasında davam edən İnanırla bağlı açıqlama verib: "Son bir həftədir ki, tez-tez xəstəxana bağçasında vaxt keçirir və gəzir. Fiziki müalicə prosesi müsbət irəliləyir. Dostları sevdiyi ev yeməklərini bişirib gətirir. Xəstəxana yeməklərini də yeyir, lakin o, Qara dəniz yeməklərini daha çox sevir. Bu çətin prosesdə bir qədər arıqlasa da, iştahı hələ də yaxşıdır. Yeri gəlmişkən, o, futbolu yaxından izləyir və ölkənin gündəmindən xəbərdardır".