Payızın gəlişi Rusiyada "yeni Kovid dalğası" ilə bağlı narahatlıqları artırıb. Rusiyanın bəzi bölgələrində “maska rejimi” tətbiq edilərkən, Moskvanın Sokolniki rayonundakı xüsusi “Covid-19” xəstəxanası artan yoluxma səbəbindən yenidən fəaliyyətə başlayıb.
Hafta.az-ın yazdığına görə, “Rospotrebnadzor”, Rusiyada koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlər görməyi hələ planlaşdırmadığını açıqlayıb, baxmayaraq ki, ötən həftə yoluxma hallarının sayı 48 faiz artaraq 11 minə çatıb.
4-10 sentyabr tarixləri arasında Moskvada 3040 yeni yoluxma halının aşkarlandığı bildirilir. Xəstəxanaya yerləşdirilənlərin sayının 510 olduğu açıqlanıb. “Moskviçmaq” jurnalı 1 nəfərin öldüyünü yazır.
“Shot Telegram” kanalı xəbər verir ki, Sokolnikidəki xəstəxananın əməkdaşlarına bütün avadanlıq, dərman və sistemləri hazırlamaq tapşırılıb.
İnfeksiya əleyhinə əməliyyat mərkəzinin hesabatına görə, sentyabrın 11-dən 17-dək Sankt-Peterburqda “Kovid”ə yoluxanların sayı iki dəfə artaraq 638-dən 1130-a çatıb.
Digər tərəfdən, “Kommersant” bölgələrdə maska rejiminə qayıtmaq üçün ilk addımların atıldığını yazıb.
Rusiyanın bəzi bölgələrində hakimiyyət maska rejiminin bərpa olunduğunu elan edib. Bu qərar təkcə koronavirusun deyil, digər yuxarı tənəffüs yollarının xəstəlikləri və qripin də yayılmasının qarşısını almaq üçün qəbul olunub. Xatırladaq ki, hələlik bu tədbirlər tövsiyə xarakterlidir və yalnız səhiyyə müəssisələrində həyata keçirilir.
Tula, Pskov, Xantı-Mansi və İrkutsk profilaktik tədbir kimi səhiyyə müəssisələrində məcburi maska tələbini tətbiq edən ilk bölgələr olub.