Ledi Qaqanın itlərini oğurlayana 21 il həbs cəzası verildi

17:51 06.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ledi Qaqanın itlərini qaçırmağa cəhd edən və onlarla birlikdə gedən müğənninin köməkçisini sinəsindən güllələyən şəxs 21 il müddətinə azadlıqdan məhrum edilib.

Ceyms Hovard Cekson adam öldürməyə cəhddə təqsirli bilinib, o, hökmə etiraz etməyib.

Yaralı Rayan Fişer 2021-ci ilin fevralında Hollivudda müğənninin üç Fransız Bulldoqunu gəzdirərkən naməlum şəxs ona yaxınlaşıb və sinəsindən atəş açıb.

Bundan sonra təcavüzkar iki iti - Koji və Qustavı aparıb. Miss Asia adlı üçüncü it qaçıb. Hadisəni törədənin itlərin kimə aid olduğunu bilib-bilmədiyi hələlik bəlli deyil.

Fişer bazar ertəsi məhkəmədə bildirib ki, hücum onun həyatını həmişəlik dəyişib: o, ağciyərinin bir hissəsini çıxarmalı olub.
Los-Anceles dairə prokurorluğu hücumu soyuqqanlı zorakılıq aktı adlandırıb.

Ceksona qarşı bir sıra digər ittihamlar məhkəmə ilə razılaşmanın birhissəsi kimi ləğv edilib.

Hücumdan qısa müddət sonra polis, itlərin məşhur müğənniyə aid olduqları üçün deyil, cinslərinə görə hədəf alındığına inandıqlarını bildirib.

Qaqa onlar üçün 500.000 dollar mükafat təklif etdikdən iki gün sonra oğurlanmış itlər sağ-salamat qaytarılıb.

Ceksonun şəriklərindən biri Harold Uayt bazar ertəsi keçmiş məhkumların odlu silaha malik olmasını qadağan edən qanunu pozmaqda günahını etiraf edib. Bu iş üzrə hökm gələn il veriləcək.

Bölgə prokurorluğundan verilən məlumata görə, itləri qaytaran Cennifer Makbrayd daha sonra qətlə cəhddə iştirak etməkdə ittiham edilib və onun işi hələ də davam edir.

Ceksonun məhkəmə iclası aprel ayında səhvən həbsdən buraxıldıqdan sonra təxirə salınmışdı.

Oxunma sayı 2019