Lökbatanda qanunsuz tikilən evlər sökülüb

14:20 08.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə ciddi nəzarət olunur və bu məqsədilə monitorinqlərin mütəmadi aparılır.

Rayon İcra Hakimiyyətindən Hafta.az-a verilən məlumatda deyilir ki, Lökbatan qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazidə monitorinq aparılarkən həmin ərazidə qanunsuz tikinti işlərinin aparıldığı aşkar edilib. Qanunsuz tikinti dərhal dayandırılıb və 06-07 iyul 2023-cü il tarixində müəyyən hissəsi sökülüb.

Belə ki, sözügedən ərazidə aparılan 3 fərdi yaşayış evinin tikintisi dayandırılıb, 5 tamamlanmamış ev, 1 qaraj, 1 maşın sexi tamam sökülüb, hasara alınmış 6 sahədə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılıb. 

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun gözəlliyini qoruyub saxlamaq məqsədilə ərazidə mütəmadi monitorinqlər keçirilir.

"Vətəndaşları xəbərdar edirik ki, keçirilən monitorinq zamanı sakinlər tərəfindən zəbt edilən torpaq sahələri, qeyri-qanuni inşa edilmiş tikililər aşkar edilən kimi müvafiq tədbirlər görüləcək.  Bundan əlavə, sakinləri Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən iməcliklərdə iştiraka dəvət edirik. İməcliklərdə yabanı otlar təmizlənir, yaşıllaqlara aqrotexniki qulluq göstərilir və məişət tullantıları yığılır. Hörmətli sakinlər rayonumuzu təmiz saxlayaq, məişət tullantıları müəyyən olunmuş yerə ataq", - məlumatda deyilir.