Multikultural dəyərlər Heydər Əliyevin irsidir

13:05 20.04.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitdə yaşadığı bir ölkə olub. Təbii ki, Azərbaycanda bu siyasətin formalaşmasında ümummilli lider Heydər Əliyev böyük rola malik olub. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev ilk gündən inkişafa mane olan ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirdi, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Xalqımızın ümummilli liderinin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və oz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.

Birmənalı şəkildə qeyd etmək olar ki, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, ulu öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.

Milli müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyəti üçün həyatın bütün sahələrində olduğu kimi, din sahəsində də müəyyən pərakəndəlik səciyyəvi idi, 70 illik sovet rejimi dövründə insanların zehnindən dini sıxışdırıb çıxarmaq məqsədilə çox iş görülmüşdü. İfrat dərəcədə ideolojiləşdirilmiş stereotiplər bütövlüklə materialist dünyagörüşünə əsaslanan əxlaqi tərbiyə sistemi yaradılmasına yönəldilmişdi. Erməni təcavüzü nəticəsində ölkə ərazisinin böyük bir hissəsinin işğal edilməsi, bir milyonluq qaçqın və köçkünlər ordusunun yaranması ilə bağlı sosial gərginlik şəraitində bu hal, həqiqətən, cəmiyyətimizin, xalqımızın gələcəyi, onun müasir millətlər toplusuna daxil olması yolunda ciddi əngəllər törədirdi.

Din ölkədə müxtəlif siyasi qüvvələrin süni surətdə yaratdığı qarşıdurmaya cəlb edilir, ayrı-ayrı bölgələrdə özünü göstərən separatizm cəhdlərində ortaya atılan şüarlarda dindən siyasi məqsədlərlə istifadə etmək meyli, dini dözümsüzlük, ayrı-seçkilik əhval-ruhiyyəsi özünü büruzə verirdi. Belə bir şəraitdə yenidən hakimiyyətə qayıdanda Heydər Əliyevi çətin sınaqlar gözləyirdi. Amma bu cür çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir şəxs baş çıxara, vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bilərdi. Yalnız Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytara bilər, dövlətin strateji xəttinə əsasən tənzim edə bilərdi. İlk növbədə, din-dövlət münasibətlərində yaranmış uçurum aradan götürülməli, qarşılıqlı inam bərpa olunmalı idi və dövlətin antidin, ateist siyasəti yeritməməsinə insanları inandırmaq, dinin, həqiqətən də, milli-mənəvi dəyərlərdə yerini müəyyən etmək tələb olunurdu. Bu, asan və tezliklə həyata keçirilməsi mümkün olan iş deyildi. Yəqin ki, hər şeydən əvvəl vəziyyətdə köklü dəyişiklik yaratmaq üçün problemə münasibət bildirməklə yanaşı, qanuni zəmin hazırlamaq lazım idi. Bu məqsədlə “Dini etiqad azadığı haqqında” Azərbaycan Respubikası Qanununda müəyyən dəyişikliklər edildi, bəzi maddələr ləğv, bəzisinə isə əlavələr edildi.

Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Məhz onun formalaşdırdığı bu siyasət nəticəsində ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrini dostluq, qardaşlıq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanlar əmin-amanlıq şəraitində yaşayırlar.

Bu gün ölkəmizdə multikulturalizm həm də dövlət siyasəti kimi həyata keçirilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. Qeyd edək ki, dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Bildiyimiz kimi, məhz Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib və Prezidentin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Yürüdülən siyasətin nəticələrindən biri olaraq, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Bu addım multikulturalizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır.

Beləliklə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət bu gün yeni mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən ölkə Prezidenti bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısı daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir.

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ideyalarının təbliği, tətbiqi baxımından dünyaya örnək olan bir ölkə kimi tanınır: “Tarixən Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri yaşayıblar. Bu gün də yaşayırlar və onlar ölkəmizdə sülh, qarşılıqlı anlaşma şəraitində yaşayır, dövlətin qayğısı ilə əhatə olunurlar. Burada ən vacib məqamlardan biri odur ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra bu sahədə dövlət siyasəti daha da gücləndi. Azərbaycançılıq ideologiyasının dövlət ideologiyasına çevrilməsi burada çox mühüm təsirini göstərdi. Çünki azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin vahid ideologiya ətrafında birləşməsi və vahid Azərbaycan xalqını, dövlətini təmsil etməsini nəzərdə tutur. Azərbaycançılıq ideologiyası bu mənada dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyır. Biz hər birimiz öz millətimizi, etnik qrupları, öz dinimizi təmsil etsək də bir ideologiya-Azərbaycançılıq ideologiyası ətrafında birləşərək vahid dövlət, vahid Azərbaycan xalqı olaraq çıxış edirik. Bu ideologiya ayrımçılığı deyil, birliyi, vahidliyi özündə ehtiva edir və ölkəmizdə mövcud olan bütün millətləri, dinləri öz çətiri altında birləşdirir.

Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəyə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər. “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” deyən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Bir sözlə, azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün onun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir”.