Hindistanın şimal bölgələrində güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 100-ü keçib.
Hafta.az-ın yazdığına görə, Himaçal-Pradeş əyalət hökumətindən verilən açıqlamada ştatda 88 nəfərin öldüyü, 100-dən çox adamın isə yaralandığı deyilir.
Yolların və körpülərin uçduğu daşqınlarda 170 evin dağıldığı, 600 evin isə zərər gördüyü bildirilib. İyulun 8-dən bəri daşqınlarda çıxılmaz vəziyyətdə qalan 300-dən çox insan, əksəriyyəti turistlər helikopterlərlə xilas edilib.
Uttar Pradeş əyalət hökumətinin sözçüsü Şişir Sinqh bildirib ki, şiddətli yağışlar nəticəsində ştatda 12 nəfər ölüb.
Səlahiyyətlilər həmçinin paytaxt Yeni Dehlidə bir nəfərin, Cammu və Kəşmirdə dörd nəfərin öldüyünü bildiriblər.
Yeni Dehlidə də təsirli olan musson yağışları Yamuna çayının daşmasaraq bölgədəki bir çox yaşayış məntəqəsini basmasına səbəb olub.
Yeni Dehli əyalətinin baş naziri Arvind Kejrivalın ofisindən verilən açıqlamaya görə, dünən axşam saatlarında çayın su səviyyəsi son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
Təxminən 30 min insan müvəqqəti düşərgələrə aparılarkən, bəzi məktəblər sel qurbanlarının istifadəsinə açılıb.
“Hindustan Times”in xəbərinə görə, paytaxtda içməli su qıtlığı da yaranıb.
Arvind Kejrival bildirib ki, Yamuna çayında suyun səviyyəsinin artması səbəbindən paytaxtda üç sutəmizləyici qurğunun fəaliyyəti dayandırılıb. Yaxın günlərdə şəhərin bəzi yerlərində su qıtlığının artacağı ilə bağlı narahatlıqlar var.