Beynəlxalq aləmdə öz sözünü demək, dəyişən dünya düzənində yerini tutmaq Azərbaycan kimi ölkələr üçün o qədər də asan proses deyil. XX əsrin sonlarında Sovet İttifaqının dağılması ilə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoymuş oldu. Bu zaman Azərbaycanı sabit və etibarlı dövlət kimi ağır böhrandan çıxarmağa kömək edən şəxsiyyət ümummilli lider Heydər Əliyev oldu. Ulu öndərin hakimiyyətə gəlişi təkcə daxildə deyil, xaricdə də Azərbaycanın nüfuzunu bərpa etdi. Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, ABŞ, Rusiya, Türkiyə, İran, türkdilli dövlətlər, müsəlman dünyası, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.
1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Heydər Əliyevin ölkənin yeni xarici siyasəti haqqında ifadə etdiyi fikirlər bu siyasətin çoxşaxəli olacağından xəbər verirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır. Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəb dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır”.
Ümummilli lider Heylər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilib. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan 1994-cü il mayın 4-də ümummilli lider Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, NATO-nun hərbi strukturları ilə Azərbaycan Ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratdı.
Bu baxımdan Azərbaycanın NATO ilə əməkdaşlığı sonrakı dövrdə də ildən-ilə yeni keyfiyyət almış, NATO mütəxəssisləri Azərbaycan Ordusunun modernləşdirilməsi üçün ölkəmizə müntəzəm olaraq texniki və təlim xarakterli yardım edib. Siyasi və iqtisadi cəhətdən durmadan inkişaf edən Azərbaycanda hərbi quruculuğun da yüksək səviyyədə olmasını artıq hamı etiraf edir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının NATO standartları səviyyəsində yenidən qurulması isə bilavasitə ümummilli liderimiz Heydər Əliyevin Brüsseldə imzaladığı məlum sənədin icrası nəticəsində mümkün oldu. Bununla yanaşı, Azərbaycan çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində, eləcə də onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir.
Bunun ardınca 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalandı. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də məhz Avropa Şurasıdır. 1996-cı il iyunun 26-28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi. “Xüsusi dəvət edilmiş qonaq” statusu alması Azərbaycanın AŞPA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı. Daha sonra ümummilli lider Heydər Əliyevin 1996-cı il 8 iyul tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında” Sərəncamı Avropa Şurası ilə ölkəmizin sonrakı illərdə fəaliyyət planı kimi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən xarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Az sonra yəni, yanvarın 25-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və dövlətimizin üçrəngli bayrağı ucaldıldı.
Ümummilli lider Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan Parlamentnin nümayəndə heyətinə Milli Məclisin deputatı İlham Əliyevin rəhbərlik etməsi və onun AŞPA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı. Bütün bunların məntiqi davamı kimi, siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin 2003-cü il yanvarın 27-də AŞPA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazıldı.
Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq ümummilli lider Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışdı. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyev ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində aparılan müzakirələrdə göstərdiyi səylər Ümummilli Liderin apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil edirdi.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan BMT ilə əlaqələrini inkişaf etdirməklə yanaşı, bu təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə töhfə vermək üçün irəli sürülən islahat təkliflərinin verilməsi və müzakirəsi prosesində fəal iştirak edir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu proses daha da genişləndi. Belə ki, ümummilli lider Heydər Əliyevin BMT Baş Assambleyasının sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif, eləcə də çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf etdirildi. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Ümummilli Lider 1994-cü ilin sentyabr aynıda BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqladı, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırış etdi.
1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı ümummilli liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.
Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib, bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaradıb. Bu gün dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırıb. Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi nəticəsində Azərbaycan çox böyük nailiyyətlər əldə edib və dünya birliyində mövqelərini daha da möhkəmləndirib.