Müştərini narazı salan taksi xidmətləri - PROBLEM

11:37 01.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar bu sahədən şikayətlər xeyli artıb. Artıq cəmiyyət bu problemin həllini tələb edir

Ölkədə demək olar ki, əksər taksi şirkəti tərəfindən müştərilərə göstərilən xidmətin keyfiyyəti gündən-günə aşağı düşür. Belə ki, müştəri ilə kobud rəftar, çağırış yerinə gec gəlmək və yaxud müştərini bir neçə ondəqiqə ilə gözlətmək, pik saatlar olmasa belə süni qiymət artımı, sürücülərin xüsusilə qadın müştərilərlə kobud davranışları, qadınlara qeyri-etik təklifləri dəfələrlə gündəm olub.

Xatırladaq ki, bu yaxınlarda Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilirdi ki, təkcə Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb: “Həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib”.

Qeyd etdiyimiz kimi, taksi sürücüləri ilə bağlı narazılıqlar günü-gündən artır. Görünən odur ki, hələlik bu sahədə nizam-intizam yaratmaq mümkün olmayıb. Maraqlıdır, görəsən, bu istiqamətdə nizam-intizam yaratmaq üçün hansı addımların atılmasına ehtiyac var?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bizimlə söhbətində qeyd edib ki, bu gün Azərbaycanda  formalaşan taksi xidməti əlçatandır:

“Çünki bugünkü taksi xidməti Azərbaycanda sırf bazar iqtisadiyyatı əsasında formalaşıb, tələb-təklif əsasında formalaşıb. Bu gün bizim vətəndaşların seçim imkanları var. Taksi operatorlarının çoxluğu, əlbəttə, ki, burada rəqabəti artırır və rəqabət artdığı təqdirdə də istehlakçıya, bu nəqliyyatdan istifadə edən sərnişinlərə daha xeyirlidir. Bu gün Azərbaycanda taksi üç istiqamətdə formalaşıb. Birincisi, özünün avtomobil parkı olan taksi şirkətləri, ikincisi avtomobil parkı olmayan taksi operator şirkətləridir. Bu şirkətlər sürücü ilə sərnişin arasında kontakt yaradır və burdan öz faizini, komissiyasını əldə edir. Üçüncü istiqamət isə fərdi qaydada hər bir vətəndaş öz avtomobili ilə vergi ödəməklə taksi xidməti ilə məşğul ola bilir. Bu yaxşı haldır. Bəzən bizim işsiz olan vətəndaşlarımız da bu taksi xidmətində çalışmaqla, taksidə çalışmaqla öz fərdi avtomobili ilə müəyyən müddət ərzində öz sosial rifahını dayanıqlı saxlaya bilir. Etiraf edək ki, son vaxtlar bu sahədən şikayətlər xeyli artıb. Artıq cəmiyyət bu problemin həllini tələb edir”.

Onun sözlərinə görə, bu istiqamətdə nizam-intizam yaratmaq üçün müəyyən sanksiyalarin tətbiq olunması vacibdir: “Bu gün taksi xidməti sahəsində özbaşınalığı aradan qaldırmağın yollarından biri də qanunvericiliyi və Nazirlər Kabinetinin bu sahədəki reqlamentini pozan taksi operatorlarına qarşı müəyyən sanksiyaların tətbiq edilməsidir. Məsələn, əgər taksi şirkətləri gəlirlərinin 10 faizi həcmində cərimə olunsalar, o zaman bu sahədə səliqə-sahman yaranacaq. Təbii ki, cərimələr 3 sadə şərtə əməl edilmədiyi üçün tətbiq olunmalıdır. Bu şərtlərdən birincisi odur ki, taksi sürücüsünün yaşı 21-dən az olmamalıdır. Lakin 18-19 yaşlarında olan sürücülərə də rast gəlirik. Sürücünün 2 il iş təcrübəsi olmalıdır. Amma görürük ki, yeni sürücülük vəsiqəsi alanlar taksi fəaliyyəti ilə məşğul olurlar. Taksidə istifadə olunan minik avtomobilində sarı rəngli taksi fənəri olmalıdır. Biz bunu da görmürük. Ona görə də cərimələr tətbiq edilməlidir. O zaman sadalanan neqativ hallar da aradan qalxacaq”.