NATO Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır

18:51 03.08.2022
Yazını böyüt
Yazını kiçilt

NATO Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır.

Hafta.az xəbər verir ki, bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina özünün “Tvitter” səhifəsində yazıb.

“Məlumatlar həqiqətən narahat edir. NATO Cənubi Qafqazda sabitliyə və inkişafa töhfə verəcək Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə hazırkı səyləri tam dəstəkləyir”, - deyə K.Kolomina yazıb.

Xatırladaq ki, bir neçə gündür, həm Ermənistan Silahlı Qüvvələri, eyni zamanda Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölgələrimizdəki mövqeləri atəşə tutulur.

Azərbaycan Müdafiə Nazirliyinin son rəsmi məlumatına görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!

Allah rəhmət eləsin!

MN-in məlumatında qeyd olunub kİ, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Siyasət rubrikasından digər xəbərlər