“Naxçıvan dəhlizi bölgənin iqtisadi inkişafını sürətləndirəcək” – Saim Alpaslan

10:07 07.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusu Ermənistanın 30 illik işğal siyasətini birdəfəlik dyandırdıqdan sonra imzalanan üçtərəfli sazişin detallarına əsasən, Naxçıvanla Azərbaycanın əsas ərazisini – Zəngilanı birləşdirəcək dəhliz günün mövzusuna çevrilib. O cümlədən, qardaş Türkiyədə şimal-şərqi Anadolu vilayətlərinin məhz belə bir dəhliz yaradıldıqdan sonra sürətlə inkişaf edəcəyinə dair disskussiyalar başlayıb.

Ağrı Ticarət və Sənaye Odası başqanı Saim Alpaslan deyir ki, Naxçıvanla Zəngilan arasında açılacaq dəhliz Azərbaycanla yanaşı, Türkiyə üçün də çox əhəmiyyətlidir. “İxracatçılarımız Azərbaycanla Türkiyə arasında əlaqələri İran üzərindən yaradırdı. Bizim qapalı bir ərazidə sıxılıb qalan Naxçıvana məhdud ixracımız vardı. Bu, ildə təxminən 26 milyon dollarlıq ticarət idi. Bütün Azərbaycana isə 126 milyon dollar həcmində məhsul ixrac edirdik. Əlbəttə, dəhliz açıldığı zaman Azərbaycana birbaşa çıxışımız olacaq. Hətta İğdırdakı Dilucu sərhəd qapısından keçməklə Azərbaycana, oradan isə şərqdəki bütün türk dövlətlərinə yolumuz açılacaq. Hesab edirəm ki, bu dəhliz bölgənin ixrac və tranzit-daşıma həcmini artıracaq”, - deyib S.Alpaslan.

“İki dövlət, bir millət” olan Türkiyə ilə Azərbaycan arasında məsafənin artıq qısaldığını bildirən S.Alpaslan qeyd edib ki, bəli, Türkiyə ilə Azərbaycan arasında birbaşa yolun açılmasını neçə illərdir həsrətlə gözləyiblər. “Şükürlər olsun ki, azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqları azad etdilər. Bu gün çox şükür ki, istədiyimiz dəhliz açıldı. İnanıram ki, bu dəhliz ölkəmizə və ö cümlədən, bölgəmizə çox böyük iqtisadi-ticari uğurlar gətirəcək. Xüsusilə də, İğdır, Qars, Ərdəhan və Ağrı vilayətlərinin inkişafında yeni stimul yaranacaq” deyən Ticarət və Sənaye Odası başqanı bildirib ki, bütün bu gözləntilər nəinki ticarət və sənaye sahələrini, ümumilikdə bütün bölgə əhalisini sevindirir.

S.Alpaslanın sözlərinə görə, indiki 130 milyon dollar həcmində olan xarici ticarətin yaxın gələcəkdə 3-4 dəfə artacağına əmindirlər. Onun sözlərinə görə, hazırda təmsil etdiyi Ağrı vilayətində çöx nəhəng toxuculuq və ayaqqabı istehsalı sənayesi mövcuddur. Həmin sənaye müəssisələrinin istehsal etdiyi məhsulların açılacaq sözügedən dəhliz vasitəsilə Azərbaycana və digər ölkələrə göndərilməsi çox asanlaşacaq.

“Bu dəhlizin açılması ilə Gurbulaq sərhəd qapımızın da yükü yüngülləşəcək. Çünki əvvəllər İrandan keçərək yükləri göndərdiyimiz ünvanlara çatdıran TIR-lar sərhəd qapısında gözlədildiyi üçün, uzun-uzadı tıxaclar yaradırdı. Naxçıvan dəhlizi işə düşəndən sonra həm bu problem aradan qalxacaq, həm də Uzaq Şərq ölkələrinə yolumuz qısalacaq. Bu dəhlizlə birlikdə iş dünyamızın səyləri də artacaq. Yüklərin göndərilməsi prosesi İğdır və Ağrı üzərindən aparılacağı üçün iş dünyamız rahat nəfəs alacaq. Bu da bizə və ölkəmizə çox vacib mövqe qazandıracaq” deyən Alpaslan əlavə edib ki, əvvəllər İranda 10-15 gün gözləyən TIR-ları artıq bu problemləri bir daha yaşamayacaqlar və nəticədə tacirlərin və iş adamlarının əlavə xərcləri də çıxmayacaq.

S.Alpaslan sonda bütün bu imkanları onlara yaratdığı üçün Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.