Ölkə Prezidenti İlham Əliyevin rəqəmsal cəmiyyətin inkişafı, müasir İKT-dən istifadə etməklə əhaliyə yüksək səviyyəli elektron xidmətlərin göstərilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür.
Ötən illərdə qlobal pandemiya ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi elektron xidmətlərdən geniş istifadəni daha da aktuallaşdırmış, həmin dövrdə Ədliyyə Nazirliyinin əhaliyə göstərdiyi elektron xidmətlər vasitəsilə insanlar notariat, vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı və digər müraciətlərini və sənədlərin qəbulunu məsafədən daha rahat həyata keçirmək imkanından bəhrələnə bilmişlər.
Bu mənada deyə bilərik ki, müasir texnoloji yeniliklərin tətbiqi hər kəsin ədliyyə sisteminə əlçatanlığını asanlaşdırmış, həmçinin şəffaflığın təmin olunmasına xidmət etmişdir.
Bu gün istənilən şəxs vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətlərin və sənədlərin qəbulunu həyata keçirməklə doğumun qeydi, övladlığa götürmək, nigahın qeydi, atalığı müəyyən etmək, soyadın, adın və ata adının dəyişdirilməsi, nigahın pozulması, ölüm haqqında aktın alınması, hətta təkrar şəhadətnamələrin alınması və s. kimi məqsədlər üçün, elektron qaydada müraciət edib, qeyd olunan xidmət növlərindən lazımınca yararlana bilərlər.
Bundan əlavə, hər yüksək vətəndaş məmnunluğu doğuran “Mobil notariat” vasitəsilə insanlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada videoyazı vasitəsilə günün 24 saatı ərzində əldə edə bilirlər.
Bu kimi xidmət növlərinin əhəmiyyəti ondan ibarətdir ki, Ədliyyə Nazirliyinin sturukturlarında elektron xidmət növlərinin tətbiqi modern və çevik idarəetmənin həyata keçirilməsinə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, ən əsası korrupsiyaya və hər cür əyintilərə şərait yaradan halların aradan qaldırılmasına imkan verir.
Hazırda ədliyyə orqanları tərəfindən əhaliyə təqribən 40-a yaxın elektron xidmətlər göstərilir ki, bu da Nazirliyin fəaliyyətində səmərəliliyinin artırılmasına və xidmət növlərinin tətbiqinin daha da yaxşılaşdırılmasına geniş imkanlar açır.
Vətəndaşlar həmçinin, Nazirliyin internet saytında elektron xidmətlər bölməsi vasitəsilə ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası haqqında lazımi məlumatları əldə edə bilərlər.
Ölkə vətəndaşları nikahın qeydiyyatını həyata keçirmək istəyərsə, elektron qaydada müraciət etmək hüququna malikdir. Bunun üçün ilk əvvəl “www.exidmet.justice.gov.az” portalına daxil olmalı və Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Nikah qeydiyyatı üçün elektron müraciət” xidmətini seçməlidir. Açılan formanın içində “Qeydiyyat orqanı” sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra, nikaha daxil olmaq istəyən şəxs təqdim olunan xüsusi sətirlərə özünə aid şəxsi məlumatları yazmalıdır. Eyni zamanda həm kişi, həm də qadın şəxsi məlumatlarını doldurduqdan sonra, tibbi müayinədən keçmələrini təsdiq edən arayışları da əlavə etməlidirlər. Sətirlərin hər birini şəxsi məlumatlarla doldurduqdan sonra, “Təsdiq” düyməsindən istifadə edib yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərdikdə, açılan növbəti səhifədə müraciətin qəbul olunduğu barədə məlumat öz əksini tapır. Ödəniş səhifəsinə keçdikdə isə, xidmətin növü “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Qurumun adı”, müraciət olunan qeydiyyat şöbəsi, “Ödənişin təyinatı”, “Nikahın qeydə alınması” seçilir. Bütün xanalar doldurulduqdan sonra “Növbəti” düyməni sıxaraq məlumatların yoxlanılması səhifəsinə keçid olunur. Əgər daxil olunan məlumatlar düzdürsə “Ödəniş et” düyməsi sıxılır və ödəmə səhifəsinə keçid edilir. Nikaha girmək üçün ərizə uğurla sonlandıqda, nikaha daxil olmaq istəyən hər iki şəxsin elektron poçtuna müraciətin qəbul olunması barədə bildiriş göndərilir. Qeyd edək ki, tərəflər nikaha daxil olmaq istəyirlərsə, bunun üçün bir ay öncədən müraciət etməlidirlər.
Leyla Süleymanova
Xətai rayon Qeydiyyat şöbəsinin rəisi