ABŞ Prezidenti Donald Tramp amerikalı repçi və prodüser P.Diddinin (əsl adı - Şon Kombs) dörd ildən çox həbs cəzasına məhkum olunduqdan sonra ondan əfv istədiyini təsdiqləyib.
Hafta.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bir çox insanın ondan əfv istədiyini dilə gətirib:
"Mən onu Paff Deddi (Kombsun yaradıcı təxəllüslərindən biri - red.) adlandırıram, o məndən onu əfv etməyimi istəyib".
Prezident təfərrüatı açıqlamayıb, xüsusilə də musiqiçini əfv etməyə hazır olub-olmadığını dəqiqləşdirməyib.
Qeyd olunur ki, əfv haqqında xahişi Trampa Kombsun yaxın tanışı çatdırıb və o bu məsələni prezidentə birbaşa çıxışı olan Ağ Ev əməkdaşı ilə müzakirə edib. Söhbət keçən həftə, hökm elan olunduqdan dərhal sonra baş tutub.
Xatırladaq ki, oktyabrın 3-də Nyu-York məhkəməsi Kombsu cinsi istismarla məşğul olmaq üçün insanların daşınmasına görə dörd ildən çox həbs cəzasına məhkum edib. Kombsun müdafiəçiləri 14 aylıq həbs müddəti xahiş edib, prokurorluq isə 11 ildən çox azadlıqdan məhrumetmə cəzasında təkid edib.