Paşinyan öz istəkləri ilə “Zəngəzur dəhlizi”ni açmayacaqlarına İŞARƏ ETDİ

12:48 04.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə “Zəngəzur dəhlizi”ni öz xoşları ilə İrəvanın üzərinə götürdüyü öhdəliklər çərçivəsində açmayacaqlarına eyham vurub. O, yeni dəhlizin yaradılmasından danışmaq əvəzinə yenə də, Azərbaycandan Naxçıvana getmək üçün Ermənistandakı mövcud yollardan istifadəni təklif edib.

 “Azərbaycan deyir ki, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında rabitəni təmin etmək öhdəliyi götürüb. Biz bu rabitəni hər gün təmin etməyə hazırıq, bizim verdiyimiz imkanlardan istifadə etməyən Azərbaycandır”.

Hafta.az erməni mediasına istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bu gün də biz deyirik: gəlin, Ermənistan Respublikası(ER) qanunvericiliyində nəzərdə tutulmuş qaydada gedin, ER sərhəddini keçin və Naxçıvana gedin. Biz bu gün bunu təmin etməyə hazırıq. Ötən ildən bizdə gömrük və sərhəd xidməti məntəqəsi var və biz Azərbaycana bildirdik ki, onlar Naxçıvandan ER qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçib gedə bilərlər. Mən rəsmən elan edirəm ki, bu gün Azərbaycan Ermənistan Respublikasının sərhədini bir neçə nöqtədən keçərək Naxçıvana gedə bilər. Azərbaycanın ən qərb bölgəsi Qazax rayonudur, biz hazırıq, getsinlər, keçsinlər, Naxçıvana getsinlər, biz bu hərəkətin təhlükəsizliyini təmin edəcəyik. Yalnız Qazax vasitəsilə yox, Vardenis(Basarkeçər-S.L.), Sisiyan, Yerasx(Arazdəyən-S.L.), Gorusda da təmin edə bilərik", - deyə Nikol Paşinyan vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər