Ermənistanın baş naziri Nikol Paşinyan qatıldığı televiziya proqramında ona verilən “Rusiya sülhməramlıları Ermənistana gedib orada qala bilərmi?” sualının cavabında “Onlar Dağlıq Qarabağdakı Rusiya Sülh Qüvvələridir, oranı tərk etsələr, geri qayıtmalıdırlar - Rusiyaya” deyib.
Hafta.az-ın yazdığına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti münaqişələrdən və əhalinin regiondan kütləvi miqrasiyasından sonra yeni şəraitə uyğunlaşdırılacaq. Zaxarova İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra bölgədə şəraitin dəyişdiyini xatırladıb və əlavə edib ki, Rusiya sülhməramlıları ilə bağlı əsas məsələlər Bakı ilə müzakirə olunub.
Bu arada, Qırğızıstan Prezidentinin Aparatından verilən açıqlamada bildirilir ki, Nikol Paşinyan Qırğızıstan prezidenti Sadir Çaparovla telefon danışığında, Rusiya prezidenti Vladimir Putinlə üz-üzə gəlməmək üçün Müstəqil Dövlətlər Birliyinin sammitində iştirak edə bilməyəcəyini deyib.
Xatırladaq ki, oktyabrın 13-də Qırğızıstana gedəcək Rusiya liderinin də iştirak edəcəyi MDB Liderlər Zirvəsi ölkə prezidenti Çaparovun sədrliyi ilə Bişkekdə keçiriləcək. Sammitdə MDB-yə üzv olan Rusiya, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Ermənistan və Belarus rəsmilərinin ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə dair danışıqlar aparacağı gözlənilir.