Pensiya fonduna toplanan vəsaiti niyə ala bilmirik?

14:27 04.06.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son dövrlər Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əsas mübahisə mövzusu vətəndaşların illərlə əməkhaqlarından tutulub pensiya hesablarında toplanan vəsaitdən erkən istifadə imkanlarının olmamasıdır. Xüsusilə ağır xəstəlik, mənzil ehtiyacı və digər həyati situasiyalarda bu vəsaitə çıxışın məhdudluğu ictimai narazılıq yaradır.

Müzakirələrin aktuallaşmasına səbəb olan nümunələrdən biri sosial şəbəkələrdə yayılan müraciətdir. Həmin müraciətdə qeyd olunur ki, 40 il müəllim işləyən və hazırda 64 yaşında olan bir qadının pensiya hesabında kifayət qədər vəsait toplanıb. Ağır xəstəlik səbəbindən yüksək müalicə xərcləri yarandığı halda belə, bu vəsaitdən istifadə etmək mümkün deyil. Ailə hesab edir ki, uzun illər ərzində əməkhaqqından sosial sığorta şəklində yığılan vəsait, ən azı, kritik hallarda vətəndaşa geridönüş edilməlidir.

Eyni zamanda, cəmiyyətdə pensiya hüququ ilə bağlı daha geniş suallar da gündəmdədir. Bir çox vətəndaş hesab edir ki, əmək fəaliyyəti dövründə sosial sığorta ödənişləri həyata keçirilsə də, müəyyən hallarda, xüsusilə 25 il sığorta stajı və ya kifayət qədər pensiya kapitalı toplanmadıqda əmək pensiyası almaq mümkün olmur. Bu isə uzun illər işləyən, lakin rəsmi sistemə tam uyğunlaşmayan şəxslər üçün əlavə sosial risk yaradır. Digər mühüm müzakirə mövzusu isə vətəndaşın vəfatından sonra pensiya kapitalının taleyidir. İctimai fikirdə belə bir sual tez-tez səslənir: “Əgər bu vəsait əməkhaqqımdan tutulursa, niyə ailəmə ötürülmür?”.

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov qeyd edib ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsində pensiya sistemi ilə bağlı müxtəlif təkliflər müzakirə olunur. Onun sözlərinə görə, bu təkliflərdən biri vəfat edən şəxsin pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 30 faizinin vərəsələrə ödənilməsi ilə bağlıdır.

V.Bayramovun fikrincə, belə mexanizmlərin tətbiqi bir neçə mühüm nəticə verə bilər:

"İlk növbədə, bu, vətəndaşların pensiya sisteminə olan etimadını artıra bilər. Digər tərəfdən, sosial sığorta ödənişlərinin daha şəffaf və məqsədli şəkildə toplanmasına stimul yaradar. Eyni zamanda, bu yanaşma əmək bazarının rəsmiləşdirilməsinə də müsbət təsir göstərə bilər, çünki vətəndaş öz ödədiyi vəsaitin gələcəkdə daha real sosial təminata çevriləcəyinə inanır".

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli isə mövcud pensiya sisteminin mahiyyətini izah edərək bildirib ki, Azərbaycanda sistem həmrəylik prinsipi üzərində qurulub.

X.Kərimli qeyd edir ki, bu modeldə hazırda işləyən şəxslərin əməkhaqlarından tutulan sosial sığorta haqları birbaşa pensiyaçıların ödənişlərinə yönəldilir, çatışmayan hissə isə dövlət büdcəsi hesabına tamamlanır. Onun sözlərinə görə, bu model fərdi yığım prinsipi ilə işləmədiyi üçün vətəndaşın hesabında toplanan vəsait şəxsi sərbəst istifadə üçün nəzərdə tutulmur. Sistem daha çox sosial müdafiə xarakteri daşıyır və əsas məqsəd yaşlı əhalinin minimum sosial təminatını qorumaqdır.

Ekspert əlavə edib ki, bu yanaşma səbəbindən pensiya kapitalının müalicə, mənzil və ya digər şəxsi ehtiyaclar üçün əvvəlcədən istifadəsi nəzərdə tutulmur.

Mövcud sistemdə vətəndaş vəfat etdikdə ailə üçün ayrıca sosial mexanizmlər tətbiq olunur; məsələn, ailə başçısını itirməyə görə müavinət kimi ödənişlər bu kateqoriyaya daxildir. Pensiya alan şəxsin vəfatı halında isə bəzi hallarda həyat yoldaşına daha yüksək pensiya seçmək imkanı verilir. Bütün bu mexanizmlərə baxmayaraq, pensiya kapitalının birbaşa vərəsələrə tam ötürülməsi hazırkı sistemdə nəzərdə tutulmur.

X.Kərimlinin fikrincə, vətəndaşların gözlədiyi daha çevik mexanizmlər yalnız gələcəkdə özəl pensiya fondlarının formalaşması ilə mümkün ola bilər. Belə fondlar yarandıqda vətəndaşlar fərdi yığım prinsipi ilə işləyən sistemlərdən istifadə edə, yığımlarını daha sərbəst idarə edə və müəyyən hallarda vərəsəlik mexanizmlərindən faydalana bilərlər.

Hazırda isə dövlət pensiya sistemində yığılan kapital 144 aya (12 ilə) bölünərək aylıq ödəniş şəklində vətəndaşa təqdim olunur. Bu hesablamalar orta ömür uzunluğu nəzərə alınaraq aparılır və şəxsin real ömür müddətindən asılı olmayaraq eyni qaydada tətbiq edilir.

Beləliklə, Azərbaycanda pensiya kapitalından erkən istifadə məsələsi hələlik sistemin əsas prinsipləri ilə uyğunlaşmadığı üçün yaxın perspektivdə geniş tətbiq edilə biləcək mexanizm kimi görünmür. Bununla belə, həm ictimai müzakirələr, həm də ekspert rəyləri göstərir ki, pensiya sistemində islahatlara ehtiyac var və gələcəkdə daha çevik, fərdi və vətəndaş yönümlü modellərin tətbiqi istisna edilmir.