Polisdən gizlənmək üçün soyuducuya girdi, meyitini çıxardılar

12:15 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da soyuducuda meyiti tapılan şəxsin polisdən gizlənmək üçün burada gizləndiyi güman edilir.

Hafta.az-ın "New York Post"a istinadən yazdığına görə, Brandon Li Buşman iyunun 26-da Minnesota ştatının Bivabik şəhərindəki boş evin zirzəmisinin dondurucusunda tapılıb. Bundan əvvəl Buşman haqqında həbs qərarı verilmişdi.

Gilbert Polis Departamentinin iyulun 7-də verdiyi açıqlamaya görə, yarılma zamanı meyitdə heç bir yara və ya hücum əlamətinin olmadığı üzə çıxıb.

Səlahiyyətlilər bildiriblər ki, 34 yaşlı kişi könüllü olaraq dondurucuda gizlənib və içəridə sıxılıb qalıb. Dondurucunun köhnə olduğu, qapının ancaq bayırdan rıçaqla açıldığı vurğulanıb: "Əgər dondurucunun qapısı örtülüdürsə, onu içəridən itələməklə açmaq olmaz".

Polis qrupları, 2023-cü ilin fevral ayından bəri heç kimin yaşamadığı evdə 2022-ci ilin aprel ayından elektrik enerjisinin olmadığını, buna görə də dondurucunun işləmədiyini bildirib.

Məsələdən xəbəri olan, lakin adları açıqlanmayan mənbələr müstəntiqlərə bildiriblər ki, polisdən qaçan Buşman sonuncu dəfə yuxarı mərtəbəyə qaçarkən görülüb. Leytenant Çelsi Trucano, "Bu insanların dedikləri bizə Buşmanın nə vaxt gizləndiyini dəqiq göstərmədi" deyib.

"Hadisənin bu il, yoxsa keçən il baş verdiyini müəyyənləşdirmək üçün araşdırmalarımızı davam etdiririk", - polis idarəsindən bildirilib.