“Prezident Ermənistan-Azərbaycan münasibətlərinin bundan sonrakı gedişinə öz möhrünü vurdu” - Fəzail Ağamalı

15:00 19.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışı hədəfə doğru istiqamətlənən yola işıq salan bir mayak kimi diqqətlə izlənir, müzakirə olunur. Ölkə ictimaiyyəti, eləcə də xarici dost və düşmən qüvvələr dövlət başçısının Azərbaycan və regionun gələcək prioritetləri ilə bağlı cızılan yol xəritəsini öz sözü ilə imzaladığını diqqətdən qaçırmır.
Deputat Fəzail Ağamalı hafta.az-a bildirib ki, Prezident Azərbaycanın son 20 ildə əldə etdiyi uğurları xatırlatdı və ciddi məqamlar üzərində dayandı. Xüsusilə Azərbaycanın apardığı müstəqil, heç bir dövlətdən asılı olmayan şaxələnmiş xarici siyasətinin Azərbaycan üçün ciddi önəm kəsb etdiyi vurğulandı. İqtisadi müstəqilliyimizin vermiş olduğu imkanların, maliyyə resurslarımızın həm sosial problemlərin həllində, həm də ordumuzun müasir formada qurulmasında ciddi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıldı.
F.Ağamalı qeyd edib ki, Prezident 7 fevral 2024-cü ildə Azərbaycan dövlətçiliyinin mühüm dövrü olan zamana yekun vurulduğunu və yeni dövrün başlanğıcını əsaslandıraraq ilk olaraq Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasının vacibliyini və bunun Azərbaycan dövlətinin birnömrəli vəzifəsi olduğunu, qarşıda duran ən ümdə məsələlərdən birinin ordumuzun daha da gücləndirilməsi, onun modernləşməsinə diqqətin artrılmasının vacibliyini bəyan edib:
“Cənab Prezident söylədi ki, biz arxayınlaşmalı deyilik. Çünki bizə qarşı olan hücumlar heç zaman ara verməyəcək. Ona görə də bizim güclü silahlarla təhciz olunmuş modern ordumuz dövlət təhlükəsiziliyini hər zaman qorumağa hazır olmalıdır. Bununla bərabər silah-sursat istehsal edən hərbi sənaye kompleksinin yaradılmasını xüsusi olaraq vurğulayaraq onun yüksək səviyyədə inkişaf etməsini, Azərbaycanın bu sahədə xarici ölkələrdən asılılığını aradan qaldırmağı dövlətin prioriteti olaraq önə çəkdi”.
F.Ağamalı Prezidentin beynəlxalq təşkilatların Azərbaycana qarşı haqsız, ədalətsiz münasibətinin üzərində dayandığını xüsusilə vurğulayıb. Bildirib ki, ölkə başçısı Türk Dövlətləri Təşkilatının qarşıdakı illərdə güclənməsinin son dərəcə vacib olduğunu qeyd edib:
“Prezident söylədi ki, Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir. Soyumuz, kökümüz, dinimiz bir olan, eyni zamanda böyük yeraltı sərvətlərə, insan resurslarına malik olan türk dövlətlərinin vahid ittifaqının yaradılması bütün türk xalqları və dövlətlərinin maraqları ilə üst-üstə düşür. Ölkə başçısı İslam Konfransı Təşkilatı, xüsuslə Qoşulmama Hərəkatı ilə Azərbaycanın sıx əməkdaşlıq edəcəyini qeyd etdi. Daha sonra ayrı-ayrı Avropa ölkələri ilə Azərbaycanın münasibətlərinin bundan sonra da yüksək səviyyədə qurulmasına diqqət veriləcəyini önə çəkdi”.
F.Ağamalı Prezidentin beynəlxalq sahədə fəaliyyətinin başlıca istiqamətlərindən biri kimi Fransanın neokolonializm siyasətinə qarşı Azərbaycan dövlətinin sona qədər mübarizə aparacağını bəyan etməsinə diqqət çəkdi. Onun fikrincə, dövlət başçısının bu prosesdə öndə olmasını xüsusi ilə qeyd etməsi Azərbaycanın gücünün, iradəsinin, qətiyyətinin ifadəsi kimi qiymətləndirilməlidir.
Deputat qeyd edib ki, Prezidentin qarşıdakı illərdə Azərbaycanın iqtisadi və sosial cəhətdən güclü bir ölkəyə çevrilməsini dövlətin həyata keçirdiyi daxili siyasətin vacib prioriteti kimi önə çəkməsi, qarşıdakı illərdə olduqca gərgin fəaliyyətin anonsu kimi diqqəti çəkir:
“Ermənistan və onun arxasında dayanan qüvvələr Prezidentin verdiyi mesajlar ciddi şəkildə nəzərə almalıdırlar. Çünki Prezident “verdiyimiz bu təkliflər nəzərə alınmazsa, heç bir zaman Ermənistanla sülah sazişi imzalanmayacaq” deyərək, Ermənistan-Azərbaycan münasibətlərinin bundan sonrakı gedişinə öz möhrünü vurdu”.