Bu gün işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağa “Böyük Qayıdış”ın reallaşması üçün çox böyük layihələr sürətlə gerçəkləşdirilir. Hazırda sözügedən ərazilərdə çoxsaylı infrastruktur layihələri icra olunur, körpülər, yollar, stansiyalar tikilir, yaşayış massivləri salınır, hava limanları inşa edilir. Təbii ki, işğaldan azad olunan ərazilərdə tikinti quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıdığı üçün Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.
Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb və görülən işlərin icrası daha da sürətləndirilib. Aparılan sürətli işlərin nəticəsidir ki, qələbəmizin simvolu sayılan "Zəfər Yolu"nun tikintisi cəmi bir ilə başa çatdırılıb və yol ötən ildən artıq istifadədir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik “Zəfər yolu” Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir.
Horadiz-Ağbənd avtomobil yolunun 35 faizi inşa olunub
Zəngəzur dəhlizini formalaşdıran və strateji yollardan biri hesab olunan Horadiz-Ağbənd avtomobil yolunun inşası istiqamətində işlər də sürətlə davam etdirilməkdədir. Artıq yolun 35 faizinin, dəmiryolunun isə 50 faizinin inşası yekunlaşıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini əlavə edib ki, Azərbaycanın Qərb regionları ilə Naxçıvanı birləşdirəcək dəmiryolu xəttinin inşası üzrə danışıqlar hazırda davam edir: “Uzun illər işğal altında olan torpaqlar azad olunduqdan dərhal sonra ölkə başçısının qərarlarına əsasən regionda böyük bərpa, quruculuq işlərinə start verilib. Bu layihələrdən ən çox əhəmiyyət verilənlərdən biri də məhz Zəngəzur dəhlizini formalaşdıran Horadiz-Ağbənd avtomobil yolu və ona paralel olaraq inşa olunan dəmir yolu xəttidir. Hazırda Horadiz-Ağbənd avtomobil yolu üzrə inşaat işləri sürətlə davam edir. Fiziki tamamlanma işləri hazırda 35 faizin üzərinə qalxıb və işlərin 2024-cü ilin birinci yarısında başa çatdırılması planlaşdırılır”.R.Hümmətov bildirib ki, avtomobil yoluna paralel olaraq inşa olunan dəmiryolunun ümumi uzunluğu 110,4 km təşkil etməklə 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır: “Belə ki, yol üzrə artıq 50 faiz işlər tam icra olunub. Bildiyimiz kimi, bu Azərbaycan ərazisində Zəngəzur dəhlizinin formalaşdırılması üzrə əsas, ana arteriyanı təşkil edir. Ancaq bununla bərabər 10 noyabr 2020-ci il tarixli liderlər bəyanatına uyğun olaraq Azərbaycanın Qərb regionları ilə Naxçıvanı birləşdirəcək dəmiryolu xəttinin inşası üzrə danışıqlar hazırda davam edir və ümid edirik ki, yaxın vaxtlarda bu da öz müsbət nəticəsini verəcək və inşasına başlanacaq. Beləliklə Zəngəzur dəhlizi tamamən tamamlanmış olacaq”.
Cari ildə hansı yollar istifadəyə veriləcək?
Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobi yolunun tikintisi həyata keçirilir. Bunlardan biri Füzuli-Hadrut avtomobil yoludur. Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edəcək. Avtomobil yolunda hazırda torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası həyata keçirilir.
Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır. Bundan başqa yolun 6.7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində iki aşırımlı avtomobil körpüsünün svay üçün hazırlıq prosesi aparılmaqla tikintisi davam etdirilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası da sürətlə davam edir. Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli yolda layihə üzrə 380 metr istinad divarının inşası da aparılır.
Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası yararsız qruntun çıxarılması, genişləndirmə işləri icra olunur, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.
Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlər və yol üzərində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Artıq 24 suötürücü borunun, 4 yeraltı keçidin, 12 ədəd kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Hazırda layihədə nəzərdə tutulan yolun 0.2, 6.1, 37 və 63-cü kilometrlik hissəsində avtomobil körpülərinin inşası davam edir, körpülərdə svay və betonlanma işləri icra olunur.
Dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil yoludur. 28.5 km uzunluğa malik avtomobil yolu 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Cari il ərzində tikintisinin başa çatdırılması planlaşdırılan Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
Hazırda Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisi də sürətlə davam etdirilir. Cari ildə yekunlaşdırlması nəzərdə tutulan avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək.
Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolunun da bu il istifadəyə verilməsi gözlənilir. Uzunluğu 22 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı olan yolda işlər hazırda sürətlə davam etdirilir.
Bəzi yollar “ağıllı” olacaq
Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli hafta.az açıqlamasında qeyd edib ki, vətəndaşlarımızın “Böyük Qayıdış”ını təmin etmək, azad olunmuş ərazilərdə davamlı iqtisadi inkişafa nail olmaq üçün yolların çəkilməsi əsas şərt kimi ortaya qoyulub: “Hazırda bu istiqamətdə işlər həm yüksək sürət, həm də keyfiyyətlə aparılır. Həmin ərazilərdə çəkilən yolların kateqoriyasına biz baxanda görürük ki, əsasən birinci və ikinci dərəcəli yollardır. Qeyd edim ki, o cür çətin dağlıq relyef şəraitində birinci və ikinci dərəcəli yolların çəkilməsi çətin məsələdir. Hər ölkə bu yükü üzərinə götürə bilmir. Bunun üçün həmin ölkənin iqtisadiyyatı dayanıqlı olmalı, müvafiq qurumlar koordinasiyalı işləməyi bacarmalıdır. Hazırda çəkilən yollarda demək olar ki, işlərin 50 faizi tamamlanıb. Bundan başqa, bu yollarda hərəkətin daha rahat və sadələşdirilmiş şəkildə təşkili üçün ağıllı yol infrastrukturu səviyyəsində qurulması da gözlənilir. Bu infrastruktun özəlliyi ondan ibarərtdir ki, hərəkət zamanı sürücülərə yolda olan vəziyyətlə bağlı birbaşa məlumat ötürülə bilir. Bu yolların da bəzilərində ilin sonuna kimi işlər başa çatdırılacaq”.