“Qazaq. Qızıl adamın tarixi” filmi bakılı tamaşaçıların gözü ilə

09:30 23.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Qazaxıstanın ilk və qurucu prezidenti, Elbaşı Nursultan Nazarbayevin həyatından bəhs edən “Qazaq. Qızıl adamın tarixi” adlı tammetrajlı sənədli film nümayiş olunub. Filmin yaradıcı heyətinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin də iştirakı ilə baş tutan ekran əsərinin həmmüəllifləri məşhur amerikalı rejissor və ssenarist, üç dəfə Oskar mükafatı almış Oliver Stoun, eləcə də əslən ukraynalı olan kinorejissor İqor Lopatenokdur.

İlk olaraq məlumat üçün qeyd edək ki, filmin çəkilişinə hazırlıq işləri 2019-cu ilin sentyabrında başlasa da, aktiv çəkilişlərə dekabrda start verilib. Amma bütün dünyanın üzləşdiyi koronavirus pandemiyası çəkilişlərə maneə yaradıb. Ölkələr arasında sərhədlərin bağlanmasından qaynaqlanan çətinlikləri, çəkiliş heyətinin bəzi üzvlərinin məlum virusa yoluxması daha da artırıb. Buna baxmayaraq, 19 ay sürən çəkiliş prosesinin sonunda gözəl bir ekran əsəri ərsəyə gətirilib.

Sənədli filmin ilk premyerası bu il avqustun 29-da, dünyanın ən böyük nüvə poliqonlarından birinin - Semipalatinsk poliqonunun bağlanmasının otuzuncu ildönümü günündə baş tutub. Məhz Qazaxıstanın ilk prezidenti olan Nursultan Nazarbayevin fərmanı ilə 1991-ci ildə bağlanan bu poleqon filmdə xatırlanması, Qazaxıstanın timsalında Nursultan Nazarbayevin nüvə silahının ləğvində oynadığı rolu qabardaraq, onun öz ölkəsinin torpaqlarının qorunmasına və təbii ki, xalqının sağlamlığına verdiyi önəmi bir daha gözlər önünə çəkir. Bu prizmadan yanaşan film tamaşaçıya sübut edir ki, uranın hasilatı, zənginləşdirilməsi, gələcək AES-lərin tikintisi baxımından Qazaxıstan ön sıralarda olsa da, nüvə silahı nöqteyi-nəzərində ölkə öz mövqeyini çox aydın şəkildə ortaya qoyub – nüvəsiz və sülh məkanı olan azad ölkə.

“Qazaq. Qızıl adamın tarixi” filminin sujet xətti nədən bəhs edir? Filmin əsas personajı və qəhrəmanı məhz Elbaşı Nazarbayevdir. Rejissorlar Oliver Stoun və İqor Lopatenokun Nazarbayevlə müsahibələri əsasında çəkilən filmin daha bir önəmli personajı da N.Nazarbayevin qızı, millət vəkili Dariqa Nazarbayevadır. Qazaxıstanın ucsuz-bucaqsız çölləri, rəngarəng təbiətini əks etdirən və ölkənin müasir iqtisadi möcüzələrini ekrana gətirən görüntülərlə başlayan film Nursultan Nazarbayevlə müsahibə fonunda başlayır. Amma müsahibənin özü də film boyunca dəyişir - əsas qəhrəman olan Nazarbayev müsahib postunda dəyişməz qalsa da, O.Stoun və İ.Lopatenok tez-tez yerlərini bir-birinə ötürürlər. Təbii ki, arada suallar xanım Dariqaya da yönəldilir. Müsahiblərin danışdıqları faktları isə ekrana gətirilən videogörüntülər daha da canlandırır.

Sənədli film N.Nazarbayevin səsləndirdiyi fikirlər əsasında Qazaxıstanın bütün tarixini özündə cəmləməklə yanaşı, həm də onun şəxsi həyatının keçmişi və bu günü tamaşaçılar üçün maraqlı səhnələr təşkil edir. Nazarbayevin uşaqlıq və yeniyetməlik illərindən, hələ gənc vaxtlarından elmə və əməyə verdiyi töhfələrdən, Karaqanda Metallurgiya Kombinatında işlədiyi vaxtlardan bəhs edən sujetlərdə bu dahi şəxsin işində və vəzifəsində illər ötdükcə addım-addım yüksəldiyini gözlər önünə gətirir.

Filmdə Sovet İttifaqının dağılmasından və yeni müstəqillik dövründən bəhs edən sujetlərə daha çox yer ayrılıb. Burada müstəqilliyini yenicə elan etmiş bütün respublikalarda olduğu kimi, iqtisadiyyatı və sosial strukturu tamamilə sıradan çıxmış Qazaxıstanda yaranmış səfalətdən bəhs edilir və məhz Nursultan Nazarbayevin uzaqgörən siyasəti sayəsində irəlidəki çox qısa müddətdə hər şeyin müsbətə doğru necə sürətlə dəyişdiyi videogörüntülərlə əks olunur. Nazarbayevin ölkədə yaratdığı şəffaf və rəqabətədavamlı mühit on milyardlarla dollar həcmində xarici sərmayəni cəlb edir və çox böyük layihələr icra olunmağa başlayır. Nəticəsi də göz qabağındadır: Qazaxıstan inkişaf etməkdə olan ölkələrin ən qabaqcıllarından birinə çevrilib, ÜDM-in həcmi fantastik şəkildə yüksəlib, insanların illik qazancları artıb, dövlət dünyanın hər yerinə məhsul satır və alır, ölkədə siyasi, milli-etnik, iqtisadi-sosial və sair xoşagəlməzliklərin yaranmasına heç bir əsas qalmayıb və sair.

Filmdə Elbaşı Avropa ilə Asiya arasında yerləşən ölkəsinin çoxşahəli iqtisadi-siyasi siyasət yürütdüyünü və nəticədə ölkəsinin heç bir gücdən asılı vəziyyətə düşmədiyini, əksinə, müstəqilliyini daha da gücləndirdiyini deyir və bunu sadə faktlarla isbatlayır. Bəli, budur, şimaldan soyuq Sibir çölləri, güneydən isə İslam dünyası ilə haşiyələnən Qazaxıstan bu gün Qərbdən Şərqə uzanan yolların əsas tranzitinə çevrilib, ölkə öz sabit inkişafı sayəsində dünyanı məşğul edən hərbi-siyasi münaqişələrin həllində mühüm rol oynayır və sair.

Filmin sonunda müsahibə əsnasında cənab Elbaşından istefası haqda soruşulur. Cavabı ürəkaçandır – mən əlimdən gələni etdim, geridə qalanları yetişdirdiyimiz yeni nəsillər edəcək...

Çəkilişi 2021-ci ildə başa çatan “Qazaq. Qızıl adamın tarixi” filmi 1 saat 53 dəqiqə davam edir. Rejissorlar: Oliver Stoun və İqor Lopatenok, prodüserlər: Vera Tomilova, İqo Kobzev və İqor Lopatenok, icraçı prodüserlər: Oliver Stoun və Karlo Siliotto.

Oxunma sayı 464