“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Səda" uşaq xoru və vokal sinfinin təqdimatında “Retro dalğası” adlı konsert proqramı təqdim olunub.
Hafta.az xəbər verir ki, konsertdə Azərbaycan kinematoqrafiyasının sevilən filmlərindən mahnılar, eləcə də Azərbaycan estrada və retro musiqisinin ən gözəl nümunələri səsləndirilib.
Gənc ifaçılar tanınmış bəstəkarların və mahnı müəlliflərinin əsərlərini ifa ediblər.
Qeyd edək ki, “Səda” uşaq xorunun bədii rəhbəri Aysel Mehdizadə, vokal sinfinin müəllimi Leyla Aslanova, konsertmeyster Şahin Yəhyazadədir.
Bu cür layihələr gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılması, onların səhnə təcrübəsinin artırılması və musiqiyə olan marağının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.