Qələbə Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq - Asim Mollazadə

14:20 05.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Şəhidlərimiz Azərbaycan xalqına bu qələbəni qazandırdı.  Şuşamız və digər işğal altında olan rayonlarımız azad edildi. Bu tarixi qələbə Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Asim Mollazadə 4 dekabr Matəm Günü və Şəhidlərmizin Azərbaycan tarixinə yazdığı Zəfərlə bağlı açıqlamasında bildirib.

A.Mollazadə şəhidlərimizin xatirəsinə yaradılacaq anım muzeyinin əhəmiyyətini qeyd edib:

“Azərbaycan xalqı heç vaxt öz qəhrəmanlarını unutmayacaq. Bu muzeydə də şəhidlərin xatirəsi daim əziz tutulacaq. Vətən sevgisinin gələcək nəsillərə ötürülməsi baxımından heç şübhəsiz ki, bu muzeyin əhəmiyyəti danılmaz olacaq. Azərbaycan öz şəhidləri, qəhrəmanları ilə fəxr edir”.

Milllət vəkili, bildirib ki, Zəfər Günü taixinin yaranması çox mühüm bir qərardır:

“Azərbaycan xalqı 30 ildir bu qələbəyə susamışdı. Müzəffər ordumuz, Ali Baş Komandan bu qələbəni bizə bəxş etdi. Hər bir Azərbaycan vətəndaşı qalib millətin nümayəndəsi olmağı ilə fəxr edir. Bu qələbə bizim millətə yeni bir ruh verdi. Bu qələbə dünyada millətimizə tamamilə yeni baxış, yeni münasibət yarandı. Bu, Azərbaycan dövlətinin inkişafı, millətimizin güclənməsi üçün çox mühüm amildir. Azərbaycan ordusu müasir peşəkar ordu kimi qiymətləndirilir. İnkişaf etmiş Texnologiya ilə yanaşı, Azərbaycan igidlərinin qəhrəmanlığı xüsusilə vurğulanır”.

A.Mollazadə hesab edir ki, hazırda regionda çox gərgin proseslər gedir, hələ proses başa çatmayıb. Millət vəkili bu gün Azərbaycana qarşı informasiya müharibəsinin davam etdiyini qeyd edərək, Qarabağın, bütövlükdə Azərbaycanın bütün ərazilərində bayrağımızın dalğalanması, qanunlarımızın işləməsi, vətəndaşlarımızın qayıdışının təmin olunması üçün  görüləcək çox işlər var. Millət vəkili Qarabağda narahatlıq doğuran məqamların olmasını istisna etməsə də, vurğuladı ki, baş verənlərin Zəfər günümüzə kölgə salmasına imkan vermək olmaz:

“Regionda çətin proseslər gedir. Dünyanın istila təfəkküründə  olan qüvvələr Azərbaycana qarşı səfərbər olublar. Zəngin erməni diasporasının yaşadığı ölkələrdə Azərbaycana qarşı fəaliyyət güclənib və onlar yaşadığı siyasi korrupsiya mühitindən istifadə edərək, ölkəmizə qarşı beynəlxalq hüquq normalarına zidd qərarlar da qəbul edirlər. Hələ proses bitməyib.  Biz hərbçilərimizlə bərabər, diplomatik sahədə, xüsusən  informasiya müharibəsində güclənməliyik. Lakin unutmaq lazım deyil ki, Azərbaycan bu prosesdə tək deyil. Azərbaycana dəstək vermək üçün şanlı Türk Ordusu da Qarabağda yerləşəcək. Türk Ordusunun bölgəyə gəlməsi Azərbaycanın təhlükəsizliyinin zəmanətidir. Eyni zamanda hansısa xarici təsirlərin qarşısını almaq üçün yetərincə gücümüz var. Söhbət Azərbaycan-Türkiyə qardaşlığından gedir və bu, hansısa qüvvələrin fərqli oyunlar qurmaq istəklərinin qarşısını almağa qadir olacaqdır”.

A.Mollazadə bildirib ki, belə bir çətin dönəmdə birliyimizi qorumalı və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq ictimaiyyət və dünya informasiya məkanında fəal olmalıyıq:

“Bizim ədalətli mövqeyimiz beynəlxalq hüquq normalarına arxalanır. Biz hansısa ökənin torpaqlarını işğal etməmişik, biz öz torpaqlarımızı azad etmişik. Biz BMT təhlükəsizlik şurasının qətnamələrini icra eləmişik. Biz 30 ilə yaxın regionda mənasız səfərlər edən Minsk Qrupunun görə bilmədiyi işi yerinə yetirmişik. Artıq erməni havadarları Qarabağda növbəti oyunları qura bilməyəcəklər. Bu proses asanlıqla yekunlaşmayacaq, düzdür və 7 rayonun azad olunması prosesin sonu deyil. Çətinliklər var və xalqımız, ordumuz bu çətinliklərə sinə gərərək gücləndi. Və Azərbaycan böyük çətinlikləri aşaraq bu gün qalibdir və öz qalibiyyətini daha da gücləndirəcək”.