Qlobal iqlim dəyişmələri dünyanı təhdid etməkdə davam edir. Bu prosesin ötən il də sürətlənməkdə davam etdiyi müşahidə olunub. Bununla bağlı Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “2022-ci ildə qlobal iqlimin vəziyyəti” adlı illik məruzəsində əks olunub. Qeyd edək ki, ÜMT-nin məruzəsi atmosferdə istixana qazlarının mövcudluq dərəcəsi, temperatur dəyişmələri, dənizin səviyyəsinin artması, okeanın qızışması və turşulaşması, dəniz buzunun və buzlaqların vəziyyəti kimi iqlim göstəricilərinə əsaslanır. Sənəddə iqlim dəyişmələrinin nəticələri təhlil olunur, ekstremal hava şəraitinin səbəbləri araşdırılır.
Məruzədə vurgulanır ki, 2022-ci ildə bütün qitələri əhatə edən quraqlıq, daşqın və istilik dalğaları milyardlarla dollar ziyan vurub. Antarktikada dəniz buzunun qalınlığı rekord dərəcədə azalıb, Avropada bəzi buzlaqların ərimə sürəti misli görünməmiş dərəcədə artıb. Son üç ildə La-Ninya cərəyanının sərinləşdirici təsirinə baxmayaraq, 2015-2022-ci illər dövrü ÜMT-nin apardığı müşahidələr tarixində ən isti illər olub. 2022-ci ildə buzlaqların əriməsi və dəniz səviyyəsinin artması rekord həddə satıb və proqnozlara görə bu proses hələ min illər boyu davam edəcək.
ÜMT-nin baş katibi professor Petteri Taalasın fikrincə, BMT agentlikləri arasında əməkdaşlıq ekstremal hava şəraiti ilə bağlı humanitar nəticələrə qarşı mübarizədə, xüsusən ölüm hallarının və iqtisadi itkilərin azalması üçün effektiv vasitə olduğunu sübut edib: “BMT-nin “Hər kəs üçün ilkin xəbərdarlıq” təşəbbüsünün məqsədi Yer kürəsinin hər bir sakininin erkən xəbərdarlıq xidmətləri ilə əhatə olunduğu vəziyyət yaratmaqdan ibarətdir. Hazırda 100-ə yaxın ölkədə adekvat meteoroloji xidmətlər yoxdur. Qlobal erkən xəbərdarlıq sistemi yaradılması kimi ambisiyalı məsələnin həlli üçün müşahidələr şəbəkəsi təkmilləşdirilməli, hidroloji və iqlim xidmətləri potensialına sanbalı sərmayə qoyulmalıdır”.
Məruzə müəllifləri cari iqlim göstəricilərini sadalamaqla bərabər, iqlim dəyişmələrinin nəticələrinə xüsusi diqqət yetirirlər. Təhlükəli iqlim və hava hadisələri əhalinin kütləvi şəkildə yerdəyişməsinə, on milyonlarla insanın həyat şəraitinin pisləşməsinə gətirib çıxarıb.
Məruzəni tərtib edənlər Yer kürəsinin ekoloji sistemlərinin vəziyyətinə diqqət yetirib, iqlim dəyişmələrinin ağacların çiçəklənməsi və quşların miqrasiyası kimi təbiət hadisələrinə təsirini tədqiq ediblər.
Tədqiqatlara görə, 2022-ci ildə Yer kürəsində orta temperatur 1850-1900-cü illər üzrə orta temperaturla müqayisədə 1,15 dərəcə yüksək olub. 2022-ci il müşahidələr tarixində 5-ci və ya 6-cı ən isti il olub.
2021-ci ildə atmosferdə üç əsas istixana qazının – karbon 2-oksid, metan və azot oksidi qazlarının qatılığı müşahidələr tarixində ən yüksək həddə çatıb. Konkret ərazilərdən real zaman rejimində alınmış məlumatlar göstərir ki, bu üç istixana qazının atmosferdə konsentrasiyası 2022-ci ildə də artmaqda davam edib.
1993-2019-cu illərdə buzlaqların qlobal miqyasda itirdiyi suyun həcmi Qərbi Avropada ən böyük göl olan Cenevrə gölündən 75 dəfə çoxdur.
Dünya okeanın istiliyi 2022-ci ildə yeni rekord səviyyəyə çatıb. İqlim sistemində istixana qazlarının tərkibində olan enerjinin təqribən 90 faizi okeana düşür. Bu, temperaturun artması sürətini bir qədər azaltsa da dənizlərin ekosistemləri üçün risklər yaradır. Son 20 ildə okeanın istiləşmə sürəti xüsusilə yüksək olub.
2022-ci ildə dənizlərin orta qlobal səviyyəsi artmaqda davam edib və müşahidələr dövründə yeni rekord səviyyəyə çatıb. İqlim dəyişmələrinin peyklərlə qeydə alındığı ilk onillikdə bu göstəricinin artma sürəti ikiqat yüksəlib. Atmosferdə olan karbon 2-oksid dəniz suyu ilə reaksiyaya girir və okeanın turşulaşması deyilən vəziyyətə gətirib çıxarır. Bu, orqanizmlər və bütövlükdə ekosistemlər üçün ciddi təhlükə mənbəyidir. Alimlər hesab edirlər ki, açıq okeanın turşulaşma sürəti ən azı son 26 il üçün görünməmiş dərəcədə artıb.
Qeyd edək ki, iqlim dəyişiklikləri ilə mübarizə Azərbaycan hökuməti üçün də əsas prioritetlərdəndir. Hökumət iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini azaltmaq və ona uyğunlaşmaq üçün müvafiq tədbirlər görür. Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib.
Nazir bildirib ki, bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişikliyidir: "Bu, təkcə ətraf mühitə deyil, həm də bütövlükdə iqtisadiyyata və cəmiyyətə təsir göstərir. Elmi araşdırmalar göstərir ki, artıq qlobal istiləşmənin təsirlərini daha tez-tez və intensiv şəkildə baş verən təbii fəlakətlər, dəniz səviyyəsinin dəyişməsi və anomal hava şəraiti ilə müşahidə edirik. Bu çağırış qarşısında özümüz və planetimiz üçün daha dayanıqlı gələcək qurmaq üçün kifayət qədər imkanlarımız var".
O vurğulayıb ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan əbədiyaşar Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə mühüm tədbirlər görülüb: “Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən gənc mütəxəssislərin yetişdirilməsi, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır".
Məsələyə münasibət bildirən “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, ekoloq Elman Yusifov deyib ki, qlobal iqlim dəyişikliyi son 100-150 ildə planetin çox ciddi probleminə çevrilib.
Onun sözlərinə görə, əslində bunun ətrafında alimlər indiyədək mübahisə edirlər: “Bir qismləri deyir ki, bu ümumiyyətlə, planetin tsiklidir. Planetdə müxtəlif dövrlərdə Yerin istiləşmə, buzlaşma dövrləri olub, sonuncu üçüncü, dördüncü dövrlər olub və s. Digər alimlər isə hesab edirlər ki, mövcud vəziyyət sənayenin güclü inkişafı ilə bağlıdır və son 100 ilə təsadüf edir. Hər halda bu faktdır ki, iqlim dəyişkənliyi var və Azərbaycanda da özünü kəskin şəkildə ifadə edir. Mən peşəmlə əlaqədar olaraq bioloji müxtəlifliyi izləyirəm və son dövrlərdə də iqlim dəyişikliyinin Azərbaycanın bioloji müxtəlifliyinə təsirini qiymətləndirməyə çalışıram. Tam səmimi deyirəm ki, son 20 ildə bizim buzlaqlar tamamilə əriyibdir. Ən böyük buzlağımız olan “Bazardüzü”, demək olar ki, yoxdur. Yüksək dağ göllərimizin səviyyəsi 1-2 metr aşağı düşüb. Su resursları azalır, nəticədə qurunt sularının səviyyəsinin aşağı düşməsi ilə meşələrin qurumasına gətirib çıxarır. Buxarlanmanın artması isə torpaqların münbitliyinə mənfi təsir göstərir, şoranlaşmaya, səhralaşmaya gətirib çıxarır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatlarında da aydın qeyd olunur ki, son 100 ildə Azərbaycanda orta illik temperatur, təxminən, 1-1,5 dərəcə artmışdır. Bu, olduqca ciddi göstəricidir. İlk baxışdan adama elə gələ bilər ki, temperaturun 1 dərəcə artması ciddi nəticə deyil. Burada söhbət orta illik temperaturdan gedir. Yadımdadır ki, əvvəllər kəskin istilər 1 və ya 2 gün davam edərdi. İndi isə kəskin istilər həftələrlə davam edir, yəni problem çox böyükdür”.
Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, professor Rauf Sultanov isə hesab edir ki, iqlim dəyişiklikləri nəticəsində gələcəkdə bizi qlobal istiləşmə deyil, qlobal soyuqlaşma gözləyir: “Qlobal istiləşmə suyun okeanlardan və dənizlərdən buxarlanması prosesidir. Atmosferə buxar vasitəsilə qalxan su yenidən dövr edir. Bu su çaylar vasitəsilə okean və dənizlərə axıdılır. Yaz, yay, payız, qış olduğu kimi qlobal istiləşmə, qlobal soyuqlaşma da təxminən 50-100 il arası bir-birini əvəz edir. Artıq zamanla qütblər bir-birini əvəz edəcək. Məsələn, şimal bölgəsi cənub, cənub bölgəsi isə şimal olacaq. Materiklər parçalanması nəticəsində yeni qitələr ortaya çıxa bilər. Alimlər sübut ediblər ki, bu proseslər gedir. Yer kürəsində baş verən istiləşmə və ya soyuqlaşma yaşadığımız planetlə əlaqəli deyil. Yer kürəsi kainatın bir hissəsidir. Kainatda baş verən proseslər yerdə baş verən hadisələri nizamlayır. Buzlaqların əriyib okeanların və dənizlərin səviyyəsinin artmasını anormal proses kimi dəyərləndirmək doğru deyil. Bu, təbiidir”.