Radmila Şekerinska: "Öhdəliklər artıq real əmələ keçirilməlidir”

10:36 02.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NATO Baş Katibinin müavini Radmila Şekerinska Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO Parlament Assambleyasının Yaz Sessiyasında çıxış edib.

Hafta.az yazır ki, NATO-nun Rumıniyadakı pilotsuz təyyarə hadisəsindən sonra bu ölkə ilə tam həmrəyliyini bir daha vurğulayan Şekerinska, müttəfiqlərin Rusiyanın nəyə qadir olduğunu və nə etməyə hazır olduğunu, eləcə də hərəkətlərinin nə qədər ehtiyatsız hala gəldiyini yaxşı bildiklərini deyib.

Şekerinska Rusiyanın ehtiyatsız davranışının hər kəs üçün təhlükə yaratdığını, Rusiyanın Ukraynaya hücumlarının birbaşa ittifaqın təhlükəsizliyinə təsir göstərdiyini qeyd edib.

Şekerinska bildirib ki, "Buna görə də NATO-nun və bizim əsas vəzifəmiz heç vaxt ayıq-sayıqlığımızı itirməməkdir. Xüsusilə də Rusiyanın ittifaqımıza yaratdığı təhlükənin Ukraynadakı müharibə bitsə belə yox olmayacağını bildiyimiz bir vaxtda. Rusiya büdcəsinin 40 faizini müdafiəyə ayırır. Sülhlə maraqlanan bir ölkə bunu etməzdi. Mövcud nizamı qorumaq istəyən bir güc bunu etməzdi".

Digər tərəfdən, daha geniş mənzərəyə baxaraq, Şekerinska Çinin silahlı qüvvələrini modernləşdirməyə və nüvə imkanlarını qeyri-şəffaf şəkildə genişləndirməyə davam etdiyini, İranın da həm nüvə, həm də ballistik raket proqramları ilə uzun müddətdir ki, təhlükə yaratdığını qeyd edib.

Şekerinska yekun olaraq deyib: "Buna görə də nəticə aydındır. Daha təhlükəli və qeyri-sabit bir dünyada təhlükəsizliyimizə sərmayə qoymalı, müdafiəmizi birlikdə gücləndirməliyik və bunu birlikdə etməliyik".

Ankara Zirvəsi ilə bağlı gözləntilərin və mesajın aydın olduğunu vurğulayan Şekerinska deyib: "İndi öhdəlikləri əməli şəkildə həyata keçirməliyik".

Şekerinska bildirib ki, Ankara Zirvəsi maliyyə resurslarını döyüşə hazır imkanlara çevirməyə, müdafiə sənayesini əhəmiyyətli dərəcədə genişləndirməyə və Ukraynaya güclü dəstəyi qorumağa yönələcək və əlavə edib: "Zirvənin əsas diqqəti tamamilə konkret nəticələrə nail olmağa yönələcək".