“Russia Today” qəzetinin baş redaktoru, erməni Marqarita Simonyanın “Qərbin Sibirdə idarə olunan partlayışla nüvə ultimatumu təqdim etməsi” çağırışı geniş əks-səda doğurub. Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Simonyana qarşı reaksiyaları ədalətsiz hesab edib və onu dəstəkləyib.
Hafta.az-ın yazdığına görə, Simonyan öz video paylaşımında Sibir üzərində nüvə təlimi keçirməklə Qərbə “nüvə ultimatumu” verilməsini istəyib. Erməni əsilli rusiyalı jurnalist Qərbin Ukraynaya dəstək verdiyi üçün bunun “yeganə həll yolu” olduğunu iddia edib.
Bunun üzərinə Kremlin sözçüsü Dmitri Peskov Rusiyada nüvə təlimlərinə moratorium qoyulduğunu açıqlayıb və Simonyanın sözləri Dumada tənqid olunub.
Ramzan Kadırov isə sosial şəbəkədəki paylaşımında Simonyanın “milli maraqları müdafiə edən əsl vətənpərvər” olduğunu bildirib.
“Simonyan nüvə silahının Rusiya torpaqlarında istifadə olunmasını istəyəcək qədər axmaq deyil” deyən Kadırov, jurnalistin yalnız “belə bir neqativ hal baş verəcəyi təqdirdə Rusiya dünyaya qarşı strateji baxımdan uduzmayacağını” nəzərdə tutduğunu iddia edib.