Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı və BİLİK - Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Region Gənclər üçün Yay Məktəbi” başa çatıb.
“Davam” Gənclər Hərəkatından bildiriblər ki, “Yay Məktəbi”nin proqramına əsasən, “Sosial media, yeni trendlər və informasiya müharibəsi” mövzusunda panel müzakirəsi, “Düşüncəmizdəki səhvlər” mövzusunda təlim və “Rəqəmsal mədəniyyətin sərhədsiz imkanları” mövzusunda görüş keçirilib.
Günün sonunda “Social night” baş tutub və proqram çərçivəsində yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub.
Ümumilikdə, layihə çərçivəsində müxtəlif mövzularda qeyri-formal təhsil metodikası ilə üç təlim, üç görüş, iki panel müzakirəsi, bir qiraət gecəsi, altı mədəni-kütləvi tədbir, dörd gəzinti, bir film saatı, altı idman və bir intellektual yarış keçirilib.