Məlum olduğu kimi, Azərbaycanda müasir inkişaf strategiyasının əsas hədəflərindən biri də ölkəmizin yüksək infrastruktur təminatına malik bir dövlətə çevrilməsidir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb.
Təbii ki, Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biri də regionların tarazlı və yüksək sürətlə inkişafıdır. Bu inkişafda yol infrastrukturunun modernləşməsi xüsusi rol oynayır. Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarında da yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan infrastrukturun önəmini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayıb.
Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Yeri gəlmişkən, təkcə 2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 803,5 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir edilib. Qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun sözlərinə görə, yenidən qurulmuş və təmir edilmiş yolların 234,3 kilometri respublika əhəmiyyətli, 398 kilometri yerli əhəmiyyətli, 171,2 kilometri isə Bakının yollarıdır. 2022-ci ilin investisiya planına daxil edilmiş Abşeron, Ağstafa, Biləsuvar, Saatlı, Yevlax, Qazax, Bərdə, Neftçala və Cəlilabad rayonları ərazisində yerləşən ümumi uzunluğu 111,5 km olan, 97,2 min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsini birləşdirən 9 kəndlərarası avtomobil yolu layihəsi 2022-ci ildə başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə, Yevlax şəhəri ərazisində Mingəçevir şəhəri ilə Yevlax Pilot Aqroparkını birləşdirəcək 9,3 km uzunluğunda avtomobil yolunun tikintisi, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Neftçala rayonu ərazisində uzunluğu 10 km olan Neftçala -Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad-Neftçala və Bankə-Beştalı və Qax rayonu ərazisində uzunluğu 1,1 km olan Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması da başa çatdırılıb. 2022-ci ildə icrasına ilkin vəsait ayrılmış, Ağsu, Beyləqan, Xaçmaz, İmişli, Qax, Masallı, Siyəzən və Zaqatala rayonları ərazisində ümumi uzunluğu 235,7 km olan, 114,3 min nəfər əhalinin yaşadığı 78 yaşayış məntəqəsinin birləşdirən 8 kəndlərarası avtomobil yolu layihələrinin icrası isə davam etdirilib. Bununla yanaşı, 2022-ci ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsündə AAYDA-ya ayrılmış vəsait hesabına ümumi uzunluğu 2 241,5 kilometr təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam edib.
Regionların sosial-iqtisadi inkişafının təmin olunması çərçivəsində hazırda da yol infrastrukturu ilə bağlı bir sıra layihələr icra olunur. Məsələn, İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam etdirilir. Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yollar ümumi uzunluğu 43.5 km olmaqla IV teniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.
Qeyd edək ki, uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən torpaq əsaslı sözügedən yollar yararsız vəziyyətdə idi. Bu isə payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Artıq yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq hazırda yol yatağının, yol əsasının alt və üst layının tikintisi icra olunur. Ağamalılar yolu üzrə işlər yekunlaşdıqdan sonra layihənin 5 km-lik Məmmədli hissəsində tikinti işlərinə start veriləcək. Layihə çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub. Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. Avtomobil yolunun yenidən qurulması yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.
Hazırda Beyləqan rayonunda Gödəklər-Sarısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun yenidən qurulması da davam edir. 7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Layihənin uzunluğu 8 km olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb. Bu hissədə suvarma və qrunt sularının ötürülməsi üçün suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Sözügedən hissədə asfalt örtüyünün döşənməsi işləri də yekunlaşıb. Artıq layihənin uzunluğu 5 km təşkil edən Sarısu hissəsində yenidənqurma işlərinə start verilib. Hazırda bu hissədə torpaq işləri aparılır. Bu yol da təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına şərait yaradacaq.
Yaxın üç il ərzində isə avtomobil yolları ilə bağlı daha 17 layihənin başa çatdırılması planlaşdırılıb. Belə ki, 2023-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri Bərdə-Ağdam avtomobil yolu ( 44,5 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil (12 km, 4 hərəkət zolaqlı), Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, 2 hərəkət zolaqlı), Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, 2 hərəkət zolaqlı), Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7km, 4 hərəkət zolaqlı), Ağdam-Füzuli avtomobil yolu (64,8 km, 4 hərəkət zolaqlı), Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu (45 km, 2 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km) İran İslam respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisi Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisidir (1182,7 km, 2 hərəkət zolaqlı).
2024-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri isə Əhmədbəyli - Füzuli – Şuşa avtomobil yolu (81,6 km, 4 hərəkət zolaqlı) və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləridir. 2025-ci ildə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123,9 km, 4-6 hərəkət zolaqlı ), Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81,6 km, 2-4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolunun (76,3 km, 2-4 hərəkət zolaqlı), 2026-cı ildə Ağdam şəhərinin daxili yollarının tikintisinin başa çatdırılması nəzərdə tutulub.