Rubl kəskin ucuzlaşdı: dollar 90, avro isə 100 rublu ötə bilər

10:05 04.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada rublun ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.

Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, analitikləri hesab edir ki, dolların məzənnəsi 90 rubla, avronunku isə 100 rubla qədər yüksələ bilər.

Rubl ötən həftə dollar və avro qarşısında 6 rubla yaxın ucuzlaşıb. Dolların məzənnəsi 89,55, avronun məzənnəsi isə 97,8 rubla yüksəlib. Beləliklə, rubl 2002-ci ilin martında qeydə alınan səviyyəyə qayıdıb, yəni son 15 ayın ən aşağı səviyyəsinə düşüb.

“Freedom Finance Global”ən eksperti Natalya Milçakova bildirib ki, dollar 90 rubl görsə və bu səviyyədə stabilləşsə, 94-95 rubla kimi yüksələcək. Sonra 100 rubla qalxması mümkündür və hətta bu səviyyələri çox tez keçəcək.

“Avro da 99 rubla qalxsa, 100 rublda dayanmayacaq və az sonra 102 rubla qədər bahalaşa bilər. Lakin Rusiya və Mərkəzi Bank üçün mənfi hallar olmasa və hökumət lazımi tədbirlər görsə, dollar 82, avro isə 90 rubl ətrafında qala bilər”, - o deyib.

İqtisadçı Andrey Loboda isə bildirib ki, Rusiyada hələ də büdcə kəsiri var, sanksiyalarla bağlı xəbərlərin mənfi təsiri və turizm mövsümündə dollara tələbatın artması rubla nəzərəçarpacaq təzyiq göstərir. Neftin barelinin qiyməti 80 dollar və ya daha çox olarsa, ixracatçıların valyuta gəlirləri artacaq. Bu müddətə qədər dollar heç bir xüsusi maneə olmadan 90 rubla, avro isə 98-99 rubla çatacaq.

“Bu hədəf səviyyələri yayın ortası və ikinci yarısı üçün mövcud olacaq. Bununla belə, inflyasiya riskləri artır. Milli valyutanın möhkəmlənməsinə səbəb olacaq faktorlar yoxdur. Əksinə, rublun 10 faiz ucuzlaşması inflyasiyanı 10-12 faiz artıracaq”, - Loboda deyib.