Rusiyada doğum nisbəti dayanılmaz azalma tendensiyasını davam etdirir. Rəsmi statistika xidməti “Rosstat” ilin ilk beş ayında cəmi 511700 uşağın doğulduğunu açıqlasa da, hər 1000 nəfərə düşən körpə sayı 8,5 olaraq hesablanıb.
Hafta.az-ın yazdığına görə, ən aşağı orta göstərici sonuncu dəfə 1999-cu ildə qeydə alınıb - 8,3. Başqa sözlə, 2023-cü il doğum nisbəti son 24 ilin ən aşağı göstəricisidir.
Digər tərəfdən “Rosstat” ölkədə ölüm nisbətinin də azaldığını açıqlayıb. Yanvar-may aylarında ölənlərin sayı əvvəlki ilə nisbətən yüzdə 14,5 azalaraq 748400-ə düşüb. Lakin bu azalma əhalinin sayının azalmasını kompensasiya etmək üçün kifayət etmir. İlk beş ayda əhalinin təbii azalması 236700 nəfər olaraq hesablanıb. Beləliklə, son 5 ildə Rusiyada ölüm və doğum arasındakı fərq 2,9 milyon nəfər təşkil edib.
Bu arada, doğumun azalmasının qarşısını amaq üçün Rusiyada hamiləliyin sonlandırılmasında istifadə edilən dərmanların satışının məhdudlaşdırılması gündəmdədir. Səhiyyə naziri Mixail Muraşko tibbi abortda istifadə olunan dərmanların satışının məhdudlaşdırılmasının tərəfdarı olduqlarını bildirib. Bu cür dərmanların narkotik və ya psixotrop dərmanlarda olduğu kimi nəzarətə götürülməli olduğunu deyən nazir bu təcrübənin ilin sonunadək həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya demoqrafik baxımdan çox çətin vəziyyətdədir.