Rusiyada işləyən vətəndaşların nisbəti yenidən kritik nöqtəyə doğru irəliləyir - əhali sürətlə qocalır. “Noviye İzvestiya” portalı yazır ki, mətbuatda və sosial şəbəkələrdə pensiya yaşının yenidən qaldırıla biləcəyi ilə bağlı şərhlər artıb.
Hafta.az-ın yazdığına görə, BMT 2050-ci ilə qədər təqaüdçülərin əhali arasında payının 22 faizə yüksələcəyini proqnozlaşdırır. Rusiyada proqnozlaşdırılan göstərici daha qorxuludur: 37 faiz. Hansı ki, 2020-ci ildə bu göstərici cəmi 18,8 faiz təşkil edib.
“Rosstat”ın məlumatları da göstərir ki, 2021-ci ilədək əmək qabiliyyətli yaşda olan 89 milyon vətəndaşın təxminən yarısı təqaüdçüdür.
Lakin Rusiyanın əlini çətin vəziyyətə salan başqa bir amil insanların ömrünün uzun olmamasıdır. Statistikaya görə, rusiyalı kişi təqaüdə çıxdıqdan sonra cəmi 4,6 il yaşayır. Dünyada bu kateqoriyada Rusiyadan daha pis vəziyyətdə olan yeganə ölkə 4,1 illə Cənubi Afrika Respublikasıdır.
Bu müddət ABŞ-da 12,6 il, Çində 17,1 il, İsraildə 15,8 il, Yaponiyada 20,5 ildir.
Əgər pensiya yaşı yenidən qaldırılarsa, bir çox ruslar öz həyatlarını sonadək işləməklə keçirəcəklər.