2020-ci ilin noyabrından bəri Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin 5 illik(!) nəzarətində qalan Laçın rayonunun mərkəzində 1992-ci ildən bu yana qanunsuz məskunlaşmış ermənilər Yeni il bayramı münasibəti ilə tədbir keçiriblər.
Hafta.az xəbər verir ki, Ermənistanın “Panorama” nəşrinin yazdığına görə, Rusiya hərbçilərinin təşkilatçılığıyla keçirilən tədbirə Laçın şəhərində faktiki sülənməkdə davam edən 200-ə yaxın erməni qatılıb.
“Laçın dəhlizi” deyilən əraziyə daxil olan Zabux kəndindəki ermənilərdən də tədbirə qatılan olub. Rusiya hərbçiləri, “Erməni xeyriyyə itiffaqı” və Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “elm və təhsil nazirliyi” adından Laçındakı erməni uşaqlarına hədiyyələr verilib. Laçının girişində Yeni il küknarı qurulub və Rusiya bayrağıyla yanaşı separatçı-terrorçu rejimin əski parçası da asılıb.
Laçında sülənən Artur Avetisyan erməni jurnalistlərinə açıqlamasında bildirib ki, guya 2020-ci ilin 44 günlük savaşınadək Laçın rayon mərkəzində 3 minə yaxın erməni yaşayıb, indi isə yalnız 200-ü qalıb.