Rusiyada mühacirlərin törətdiyi cinayətlərin sayında ciddi artım var.
Hafta.az-ın "İzvestiya"ya istinadən yazdığına görə, İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin ilin ilk 5 ayında immiqrantlar tərəfindən 18 mindən çox cinayətin törədildiyini açıqlayıb. Törədilmiş cinayətlərin 68 faizi mülki xarakterlidir. Narkotiklərlə bağlı cinayətlərin nisbəti 20 faizdir. Qalanları adamöldürmə, xəsarət yetirmə kimi cinayətlərdir. İlk 5 ayda immiqrantlar tərəfindən törədilən qətllərin sayı 121 olaraq açıqlanıb.
Bundan əlavə, Bastrikin cinsi cinayətlərin, xüsusilə zorlamaların sayında artım müşahidə etdiklərini bildirib. Moskva və Sankt-Peterburqda bütün cinayətlərin 85 faizdən çoxu cəmlənib. Ən çox cinayət törədən immiqrantlar Özbəkistan, Tacikistan və Ukrayna vətəndaşlarıdır.
“İzvestiya”ya danışan ekspertlər son 10 ildə Rusiyada törədilən bütün cinayətlərdə mühacirlərin payının heç vaxt 4 faiz səviyyəsini keçmədiyinə diqqət çəkirlər. 2022-ci ildə ölkədə 1 milyon 966 min 795 cinayət törədildiyi halda, mühacirlərlə bağlı hadisələrin sayı 40154 olub. Bu rəqəm 2 faiz nisbətinə uyğundur.