“Rusiya taxılının Afrika ölkələrinə tədarükü üçün bir sıra inzibati məsələlər həll olunur”.
Hafta.az-ın “Habertürk”ə istinadən yazdığına görə, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib. Amma o, çatdırılmaların başlanması üçün mümkün tarixləri açıqlamayıb.
“Bu yardım səkkiz Afrika ölkəsinə göndərilməlidir. İndi bununla bağlı bəzi inzibati problemlər həll olunur”, - deyə cənab Gülər bildirib.
Rusiya iyulun 18-də şərtlərini yerinə yetirmədiyini bəyan edərək, taxıl sazişindən çıxıb. Moskva, xüsusilə, “Rosselxozbank”ı SWIFT-ə yenidən qoşmaqda və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına çıxışına qoyulan qadağanın aradan qaldırılmasında təkid edib.
Sentyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ardıyla Vladimir Putin Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra Rusiyanın sazişin icrasına qayıtmağa hazır olduğunu bildirib. Ukrayna Xarici İşlər Nazirliyi Rusiyaya güzəştə getməkdən imtina edib. BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova müqavilənin bərpası təklifləri ilə məktub göndərib. O, BMT-nin təşəbbüsünü tənqid edərək cavab verib.