Rusiyanın Qara dəniz sahilləri selə təslim oldu

10:35 14.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Qara dəniz sahilində yerləşən Krasnadar bölgəsində daşqın və pis hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Hafta.az-ın yazdığına görə, güclü yağışdan sonra bölgəni sel basıb. Leysan və qasırğadan sonra yumurta boyda dolu yağıb və nəticədə Soçidə fövqəladə vəziyyət elan olunub.

İlk leysan yağışları iyulun 9-na keçən gecə Krasnodar diyarına düşüb.

A-147 Djubqa - Soçi federal avtomobil yolunun bir hissəsini su basıb, Daqomıs və Soçi arasında tornado müşahidə edilib. Tuapse bölgəsində üç saat ərzində 144 millimetr yağıntı düşüb.

Təcili yardım briqadalarının səfərbər olunduğu bölgədən istirahət edənlərin və yerli əhalinin təxliyəsi başlayıb.

Qara dəniz sahillərinin bir çox vilayətində fırtına və daşqınlardan sonra axtarış-xilasetmə işləri və zərərin qiymətləndirilməsi işləri davam edir. Evləri su altında qalan sakinlərin və istirahət edənlərin müvəqqəti sığınacaqlara köçürülməsi davam edir.

Krasnodar diyarında leysan yağışların səbəb olduğu sel nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə itkin düşüb.

TASS xəbər verir ki, Tuapse bölgəsində daşqın nəticəsində 4 nəfər itkin düşüb. Neçepsuho, Şapsuho və Defani çaylarında suyun səviyyəsində artım müşahidə olunub.

Cubqa, Tenginski, Novomikaylovski və Nebuqski qəsəbələrində fövqəladə vəziyyət rejimi tətbiq edilib, əhali daşqın zonalarından təxliyə edilib. Cubqa qəsəbəsindəki rayon xəstəxanasının binasını, o cümlədən reanimasiya şöbəsini, dörd uşaq bağçasını, beş məktəbi, uşaq yaradıcılıq mərkəzini, stadionu və inzibati binanı su basıb. Quru yollarındakı körpülər dağıdılıb və ya su altında qalıb. Sel suları çoxlu avtomobillərə ziyan vurub.

Qara dəniz sahil zolağı bölgələrində axtarış-xilasetmə və təmizləmə işləri davam edir.