Sənət adamları karantinin sərtləşdirilməsinə necə baxır? - Sorğu

11:28 13.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Hələ qədim zamanlardan bu günə kimi xalqımız Novruz Bayramını ailəsi və yaxınları ilə keçirmək ənənəsini qoruyub saxlayıb. Bu bayramda yaşlı ailə üzvləri qəbiristanlıqları ziyarət edilər. Hər kəs öz sevdikləri ilə bayramlaşır, yazın gəlişini birgə qeyd edir. Son bir ildir ki, tək ölkəmizin deyil, elə dünyanın da nizam-intizamı dəyişib. İndi sevdiklərimizlə birlikdə olmaq üçün onlardan uzaq qalmalı olduğumuz dövrləri yaşayırıq.

Bir yerdə toplaşmaq daha əvvəlki kimi rahat və təhlükəsiz deyil. Son günlər sosial şəbəkələrdə Novruz Bayramı ərəfəsi  karantin rejimin yenidən sərtləşdiriləcəyi barədə söz-söhbətlər gəzir. Təbii ki, bu deyilənlər bir çoxlarında narahatlıq doğurur. Həqiqətəuyğun olub-olmaması isə hələ ki məlum deyil. Bəs görəsən, tanınmış simalar, sənət adamları bu mövzuda nə düşünür? Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı məşhurların fikirlərini öyrəndi.

İlk olaraq suallarımızı Əməkdar artist xanəndə Nuriyyə Hüseynovaya ünvanladıq. O bildirdi ki, Novruz özünün ən çox sevdiyi bayramdır. Üstəlik, həmin gün doğmalarını ziyarət etməyə də vərdiş edib:

“Novruz milli adət-ənənələrimizi özündə cəmləşdirən və ən sevdiyim bayramdır. Bu bayramda evinə heç vaxt getmədiyim qohumlarımı ziyarət etməyi xoşlayıram. Ona görə həmin günü böyük səbirsizliklə gözləyirəm.  Ordubadda doğulmuşam, digər bütün bölgələrimiz kimi, burada da uzun illərdir,  Novruz Bayramı qədim adət-ənənələrə sadiq qalınaraq  keçirilir. Ötən ildən bu günə bütün bu adətlərin icrasına həsrət qalmışıq. Son bir ildə həyat sanki dayanıb. Təbii ki, istəməzdim hər şey bu cür olsun. Əgər xəstəlik sürətlə yayılırsa  və sərt karantin bunun qarşısını almaq üçündürsə mütləq olmalıdır.  Qanun da hamı üçün eynidir, hamılıqla buna tabe olmalıyıq”.

Xanəndə tətbiq edilən məhdudiyyətlərin doğurduğu ziddiyyətləri də təəssüf hissi ilə qeyd etdi. Bəzi şeylərə icazə yoxdur, ancaq onun başqa formasına var:

“Mövzuya başqa tərəfdən yanaşdıqda görürük ki, bir çox məhdudiyyət var ki, ona tam əməl etmək başqa fəsadlar meydana gətirir. Tutaq ki, metro işləmir, buna görə də avtobuslarda sıxlıq yaşanır. Hər gün marketlərdə ara məsafəsi saxlanılmır, insanlar, demək olar ki, nəfəs-nəfəsə dayanır. Elə yerlər də var, ora ayda-ildə bir dəfə 1 adam girir, görürsən ki, onu bağlayırlar. İnsan sıxlığının yaşandığı yerlərə isə göz yumulur. Bu səbəbdən, hamıda bir qədər tərəddüd yaranır. Bəzi şeylərə icazə yoxdur, ancaq onun başqa formasına var... Restoranlar açıqdır, insanlar burada gedib əylənə bilir, toylara, kütləvi tədbirlərə isə qadağalar var. Nə fərqi var ki, ad günü qeyd etmək istəyən 10-15 nəfər dəvət edir və tədbiri restoranda keçirir.  Eyni sayda adamın iştirakı ilə nişan  mərasimi təşkil etmək istəyən olsa, bu, səs-küy yaradır. Yenə də təkrar edirəm: qanun hər kəs üçün qanundur, icazə varsa hər kəs üçün olsun, yoxdursa olmasın”.

Sonda isə Əməkdar artist koronavirus təhlükəsini hələ də tam dərk etməyənlərə səsləndi. O bildirdi ki, nə qədər bayram keçirib, əylənmək istəsək də, sağlamlığımızı gözardı etməməliyik:

“Koronavirusa inanmayanlar bilməlidir ki, bu xəstəlik var. Özü də adi soyuqdəymə kimi yüngül keçib, asan sağala bilən problem deyil. Bu xəstəlik zəif, orqanizmin müqaviməti aşağı olan insanlar üçün ölümlə nəticələnə biləcək qədər təhlükəlidir.

Ətrafımda belə halların şahidi oldum, özüm də xəstəliyi keçirdim, ancaq nə qızdırmam oldu, nə də böyük bir çətinliyim. Həyat yoldaşım isə koronavirusu çox ağır keçirdi. Elə bilin ki, ölüb, təkrar dirildi. Bəzi insanlar bu xəstəlikdən utanırlar. Lap elə sənət adamları arasında elələri var ki, soruşanda ki, “Vəziyyətin necədir?”, “Sən yoluxmusanmı?”. Deyir yox. Elə ki, mən özümün yoluxub sağaldığımı deyirəm, ondan sonra cavab dəyişir: “Hə, deyəsən mən də tutmuşdum”. Əzizlərim, burada utanıb-çəkiniləcək heç bir şey yoxdur. Koronavirus bütün dünyada var və vəzifəli, sıradan vətəndaş fərq etmədən, hər kəs üçün təhlükə yaradır. Demək istədiyim odur ki, bu, tək ölkəmizin problemi deyil, bütün dünya ölkələri hazırda əziyyət çəkir. Mənə elə gəlir ki, əgər doğrudan da xəstəliyin yayılması belə sürətlidirsə, onda tədbir görmək vacibdir. Biz hamılıqla bu tədbirlərə dəstək olmalıyıq. Bir nəfər virusa yoluxursa, özündən savayı minlərlə adamın həyatı üçün təhlükə yaradır. Birmənalı şəkildə xəstəliyin ciddiliyini bilib, ona qarşı tədbir görməliyik. Sağlamlıq dünyadakı hər şeydən önəmlidir. Bayramları, gəzməyi, səyahəti, alış-veriş etməyi nə qədər çox sevsək də, sağlam  deyiliksə, bütün sadalananlar heçdir. Hər kəsə sağlamlıq arzu edirəm.  Ona görə də çalışaq, özümüzü və ətrafımızı qoruyaq”.

Daha sonra isə mövzumuzu tanınmış meyxana ustası Namiq Məna ilə müzakirə etdik. Onun sözlərinə görə, Novruz Bayramı ərəfəsində karantin rejiminin yenidən sərtləşdirilməsi zəruridir:

“Bilirsiniz ki, koronavirus indi bütün dünyanı çənginə alıb. Üstəlik bu, olduqca ciddi  xəstəlikdir. Dövlət tərəfindən görülən tədbirlər də təbii ki, vətəndaşların xeyrinədir. Atılan hər bir addım bizi düşünərək hesablanır. Mən bunu çox təqdirəlayiq hesab edirəm. İndi əhali də əvvəlki dövrlərə nisbətən vəziyyətin ciddiliyini daha yaxşı anlayır. Koronavirus yayılmağa təzə başlayanda özüm də daxil olmaqla, bir çoxları buna laqeyid yanaşırdı, hətta inanmırdılar. Sonradan yaşanan ölüm hallarını, virusdan əziyyət çəkənləri gördükcə anladıq ki, COVID-19 doğrudan da ciddi xəstəlikdir. Bunu tam məsuliyyətimlə söyləyirəm ki, koronavirus çox təhlükəlidir və ondan qorunmaq lazımdır. Qarşımızdakı hər kəsə virusdaşıyıcısı kimi yanaşmalıyıq. Fikrimcə, görülən tədbirlərin hər biri indiki vəziyyətdə zəruridir. Düzdür, insanları da başa düşürəm, onlar səbirsizlik edirlər. Aydın məsələdir ki, elə  sənət adamları, artrıq 1 ildir  el şənlikləri yoxdur deyə işsizdir. Xəstəlikdən əziyyət çəkən yaxınlarımızı, doğmalarımızı, elə vəfat edən sənət adamlarını nəzərə almalıyıq. Mənim doğmalarımdan da virusa yoluxanlar oldu. İnanın ki, onların həyati təhlükələri var idi. Səhiyyəmizin gücü sayəsində şükürlər olsun, indi vəziyyətləri yaxşıdır. Bir daha təkrar edim ki, görülən tədbirlərin hər biri vətəndaşların sağlamlığı üçün lazımlıdir.

Növbəti müsahibimiz isə Xalq artisti Aygün Bayramova oldu. O, həmkarlarından fərqli olaraq, karantin rejiminin sərtləşdirilməyin tərəfdarı deyil. Sənətçinin fikrincə, yaxşı olardı ki, qoyulan qaydalar çərçivəsində Bayram günləri qeyd edilsin:

“Hazırda heç kim istəmir ki, bayramərəfəsi karantin sərtləşsin. Qərarın hansı yöndə olacağını bilmirəm, amma düşünürəm, insanları nəzərə almaq lazımdır. Sağlamlıq baxımından yanaşsaq, karantinin sərtləşdirilməsi lazımdır. Vətəndaşlar son 1 ildə çox çətinlik yaşadılar. Neçə gündür sosial şəbəkələrdə də yazılır ki, sərt karantin tətbiq ediləcək, yollar bağlanacaq, SMS-icazə yenidən aktivləşəcək. Bütün bunlar insana psixoloji təsir edir. Daha yaxşı olardı ki, qayda-qanunlara riayət edək və sərt karantin tətbiq edilməsin. Onsuz da indi hamı açıq havada da maska taxır. İnanın ki,  küçədə də, işdə də maskasız adam görmürəm.  Son günlərdə yoluxanların sayında da artım var. Hər halda, karantinin yenidən sərtləşdirilməsini istəməzdim”.

Son olaraq sevilən ifaçı Elçin Hüseynovun mövzuya münasibətini öyrəndik. İfaçı hazırda xarici ölkədə olduğunu bildirdi. Əlavə etdi ki, qərardan asılı olmayaraq, insanların düşüncələrini də nəzərə almaq lazımdır.

“Uzun müddətdir ki, ölkədə deyiləm, Rusiyadayam. Buna görə də hazırda virusla bağlı oradakı vəziyyəti dəqiq bilmirəm. Onu deyə bilərəm ki,  burada da koronavirus var. Yoluxmaya qarşı tədbirlər də görülür, lakin bizdəki kimi deyil. Lazım gəlsə karantin sərtləşdirilməlidir, sözüm ondadır ki, bəzi amilləri nəzərə almaq lazımdır”.

Məşhurların mövzuya münasibətini öyrəndik. Düşüncələr fərqlidir, ancaq ortada koronavirus kimi təhlükəli bir reallıq var. Bayram günlərində yenidən sərt karantin rejiminin  tətbiq edilib-edilməyəcəyindən asılı olmayaraq, bu günlərdə hər kəsə sağlam qalmağı arzu edirik.