“Sentyabr sindromu”: Kirayə evlərin qiyməti sürətlə artır

11:35 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayı yaxınlaşdıqca Rusiyada mənzillərin kirayə qiymətləri artır.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, iş mövsümünün yaxınlaşması, distant iş formatından imtina və ev almaqda çətinlik kimi amillər nəticəsində bazarda kirayə mənzillərə tələbat artıb.

Xəbərə görə, böyük şəhərlərdə kirayəhaqları son bir ayda orta hesabla 3 faizdən çox yüksəlib. İyul ayına olan məlumata görə, 16 böyük şəhərdə bir otaqlı mənzilin kirayəsi orta hesabla 22500 rubl (250 dollar), iki otaqlı mənzilin kirayəsi 33400 rubl (370 dollar) təşkil edir.

Moskvada bir otaqlı mənzilin kirayəsi 43700, iki otaqlı mənzilinki isə 76700 rubla (850 dollar) yüksəlib. Son bir ayda kirayə xidmətlər müvafiq olaraq 1,6 faiz və 5,2 faiz artıb.

Digər tərəfdən, RBC qəzeti Moskva kirayə elit mənzil bazarında əcnəbilərin payının son 6 ayda yarıbayarı azaldığını bildirib. Risiyanın Ukrayna ərazisinə hərbi təcavüzündən əvvəl 15-35 faiz arasında olan əcnəbilərin payı 2023-cü ilin iyun ayının sonunda 6-10 faizə düşüb.

Analitiklər bazarın 3 ildən tez bərpa olunacağını gözləmirlər.