Sərsəng su anbarında vəziyyət kritik həddə çatıb. Bu yaxınlarda anbarda yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıblar.
Bəyanatda qeyd edilir ki, qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır: "Otuz ildən artıqdır ki, 1976-cı ildə Tərtərçayın üzərində yaradılmış və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır. Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib”.
Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Eyni zamanda, Assambleya Ermənistan hakimiyyətini su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa çağırıb: “Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının düzgün və öz təyinatı üzrə idarə olunmaması, su ehtiyatlarından uğursuz, səmərəsiz istifadə edilməsi ətraf mühit və insan sağlamlığına, ümumilikdə regionun ekosisteminə ciddi mənfi təsir göstərməkdə, sosial-iqtisadi fəsadlar törətməkdə davam edir. Belə ki, su anbarının idarə olunması zamanı ekoloji, o cümlədən iqlim amillərinin nəzərə alınmaması su səviyyəsinin aşağı düşməsi ilə ekoloji risklərin daha da kəskinləşməsinə səbəb olur. Bu vəziyyət su anbarının fauna və florasına mənfi təsir göstərir, bitki örtüyünün məhv olmasına, balıq ehtiyatlarının azalmasına, quşların təbii yaşayış areallarının itirilməsinə, ətrafdakı meşə ərazilərinin qurumasına, eroziya proseslərinin güclənməsinə, səhralaşmaya və ümumilikdə ekosistemin tarazlığının pozulmasına gətirib çıxarır.
Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Sərsəng su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub.
Ermənistanı himayə etdiyi qüvvələr vasitəsilə sözügedən rayonların əhalisinin Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərindən biri kimi “Təhlükəsiz və təmiz suya əlçatanlıq” təməl insan hüquqlarının pozulmasına, regionun ekosisteminin deqradasiyasına, fauna və floranın itirilməsinə səbəb olan hərəkətlərindən əl çəkməyə çağırırıq".
Xatırladaq ki, mühüm starteji əhəmiyyətə malik olan Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası tikilib.
Bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir və sonucda su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun büro iclasında müzakirə olunmuşdu və məruzəçi təyin edilməsi ilə əlaqədar sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinə yönləndirilməsi barədə təklif büro tərəfindən yekdilliklə qəbul edilmişdi.
Bu qərar həmin gün büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənib. Sərsəng su anbarı ilə bağlı 13468 saylı sənədi 11 ölkənin 27 deputatı imzalanıb.
Sənəddə vurğulanır ki, Assambleya problemin vacibliyini nəzərə alaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyətə çağırış səsləndirmək üçün qətnamə layihəsi qəbul etməlidir.
2016-cı ilin yanvar ayında isə Avropa Surası Parlament Assambleyası (AŞPA) Bosniya və Hersoqovinadan olan deputat Milisa Markoviçin məruzəsi əsasında Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Qətnamənin preambulası bu fikirdi: "Xankəndindəki rejim Sərsəng su anbarından faydalanaraq Azərbaycanın yaxınlıqdakı rayonlarının sakinlərini bilərəkdən sudan məhrum edir".
Həmin ilin aprel may aylarında Azərbaycanda ABŞ Prezidentinə bu qətnamə ilə bağlı petisiya unvanlandı. Petisiya 300 mindən artıq imza toplamışdı.
Sərsəng su anbarı, ümumiyyətlə, elektroenerji istehsalı üçün yox, bəhs olunan 96 min hektarlıq ərazinin suvarılması üçün nəzərdə tutularaq inşa edilmişdi.
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri, professor İslam Mustafayev deyib ki, Sərsəng su anbarında vəziyyət kritik həddə çatıb: “30 ildir ki, ermənilər su anbarından məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə edirlər. Qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır. Eyni zamanda, Sərsəng su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən bir çox rayonların ərazisində əkin sahələri aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub. Necə ki 30 il ərzində ermənilərin digər terror əməllərinə dünya ictimaiyyəti göz yummuşdu, indi də göz yumur. Yəni, biz gözləməməliyik ki, kimsə bizə bu məsələdə dəstək göstərəcək. Ən qısa zamanda özümüz həmin ərazidə nəzarətimizi bərpa etməliyik. Bunun başqa yolu yoxdur, bu bizim suveren hüququmuzdur”.
Mövzu ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev də ekoloji terrorun tezliklə qarşısının alınmasının vacibliyini vurğulayıb: “Sərsəng su anbarında su yoxdur, çox hissəsi qurudulub. Əgər tamamilə qurudulsa, əkin sahələri susuz qalacaq, nəinki rayonlar su altında qalacaq. Bu anbarın onsuz da problemi var. 30 ildir ki, bu anbarda monitorinq aparılmayıb. Artıq burada monitorinq aparılmalıdır. Son məlumatlara görə də, anbarda su tamamilə azalıb. Belə olan halda hansı subasmadan danışmaq olar? İndi niyə bunu boşaldırlar? Sərsəng strateji cəhətdən hər iki dövlət üçün əhəmiyyətlidir. Buna görə də qorunmalıdır. Orada yarım milyardlıq su ehtiyatı qoruna bilər”.