Sosial şəbəkələrdən düzgün istifadə

10:44 06.10.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərə görə Qafqazda lider ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Hazırda ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər davam etdirilir. 

Prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Digər sahələrdə aparılan genişmiqyaslı dərin islahatların davamı olaraq atılan bu addım demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırıb. Artıq kütləvi informasiya vasitələri də yaradılan bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

Amma etiraf edək ki, müasir dövrün texnologiyaların əsirinə çevrilməsi informasiya axınının dünyanın hər yerində sürətlənməsinə gətirib çıxarıb. Başqa sözlə, yeni texnologiyalar azad sözə, fikir və düşüncəyə böyük bir meydan açıb. Nəticədə informasiya əldə etmək sahəsində ciddi dəyişikliklər baş verib. Onlayn media və sosial şəbəkələr klassik KİV haqqında anlayışları dəyişdirib. Müşahidələr göstərir ki, son illər Azərbaycanda onlayn media və sosial şəbəkələr istənilən sahədə ictimai rəyi yönləndirən əsas vasitəyə çevrlilib. Ona görə də burada yayılan istənilən maraqlı xəbər dərhal trendə dönür  və cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Odur ki, internet mediada yayılan xəbərlərin həqiqiliyinə, doğruluğuna əmin olmaq çox vacib məsələdir.

Bəs, görəsən, sosial şəbəkələrdə yayılan məlumatlara nə dərəcədə etibar etmək olar? Bu xəbərlərin doğruluq payı neçə faizdir? Feyk xəbərlərə qarşı necə mübarizə aparmaq olar? Ümumiyyətlə, sosial şəbəkələrə hansısa formada məhdudiyyət tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu gün müxtəlif məlumatların əldə edilməsində sosial şəbəkələrin rolu böyükdür: “Amma onu da qeyd etmək lazımdır ki, bir sıra hallarda sosial şəbəkələrdə yalan məlumatların yayılmasına da yol verilir. Müəyyən təxribatlar törətmək, kimlərisə nüfuzdan salmaq məqsədilə belə bir addımların atıldığına şahid oluruq. Bu baxımdan hesab edirəm ki, qarşımızda duran ən mühüm məsələlərdən biri də feyk xəbərlərlə mübarizə aparmaqdır. Yəni, bununla bağlı mübarizə yolu odur ki, hansısa bir məlumat yayılan kimi haqqında yalan məlumat yayılan qurum və ya şəxs bu məsələyə münasibət bildirməlidir. Məsələyə aydınlıq gətirilməlidir ki, feyk məlumat tirajlanmasın. Digər bir məsələ isə bu gün Azərbaycanda da, dünyanın ayrı-ayrı yerlərində də sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Lakin biz nəzərə almalıyıq ki, sosial şəbəkələri tənzimləmək asan məsələ deyil. Hazırda bir sıra dövlətlər bunun üçün çalışırlar, müəyyən addımlar atırlar. Amma reallıq ondan ibarətdir ki, bu kifayət qədər mürəkkəb və çətin bir işdir. Ona görə biz daha çox maarifləndirmə, sosial şəbəkələrdən düzgün istifadə istiqamətində addımlar atmalıyıq. Çalışmalıyıq ki, bu istiqamətdə xəbərlər daha çox olsun. Feyk xəbərlərə anında reaksiya verməliyik. Əgər biz sosial şəbəkələrə hansısa məhdudiyyət tətbiq edəriksə, bu Azərbaycana nəzərləri cəlb edəcək. Azərbaycan insan hüquq və azadlıqlarını məhdudlaşdıran bir ölkə kimi qələmə veriləcək. Hazırkı vəziyyətdə buna bizim ehtiyacımız yoxdur. Qeyd etdiyim ki, biz daha çox çalışmalıyıq ki, Azərbaycandakı dövlət qurumları, aidiyyəti təşkilatlar sosial şəbəkələrdə operativ olsunlar, zəruri məsələlərə öz reaksiyalarını çevik formada bildirsinlər. Bununla həm yalan məlumatların qarşısını ala bilərik, həm də ölkəmizin informasiya mühitini qoruya bilərik. Bu olduqca önəmli və vacib məsələlərdəndir”.

Məsələyə münasibət bildirən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib ki, sosial mediada yayılan xəbərlərin neçə faizinindoğruluq payı olduğunu demək çətindir: “Çünki bununla bağlı konkret hansısa araşdırma olmalıdır ki, dəqiq fikir söyləmək mümkün olsun. Məlumdur ki, sosial şəbəkənin məqsədi sadəcə informasiya vermək deyil, zaman-zaman həm də mövqeləri açıqlamaqdır. Burda fərdlərin hökmən doğruları paylaşacağı kimi bir tələb də yoxdur. Sosial şəbəkə etika çərçivəsində birbaşa media professionalları üçün lazım olan çərçivəni müəyyən etmir. Yəni, bu jurnalistlərin işidir ki, dəqiqləşdirilmədən xəbər yaymasın. Saxta xəbərlərlə mübarizənin ən yetkin yolu dərhal ilkin mənbədən doğru xəbərin çatdırılmasıdırş Ümumiyyətlə, saxta xəbərlərin geniş yayılması xüsusilə son texnologiyanın inkişafı ilə bağlıdır. Çünki bundan illər öncə sadəcə peşəkar media etik standartlar və hüquq çərçivəsində fəaliyyət göstərirdisə, indi artıq “2.0 web texnologiyası” ilə hər kəs yayıcı ola bilir. Bu, hər kəsin yayıcı olması, həm də qeyri-peşəkarların və ya məqsədli şəxslərin saxta xəbərləri tirajlaması deməkdir. Amma bütün bunlar sadəcə saxta xəbərləri qeyri-peşəkarlar tirajlayır anlamına gəlmir. Hazırda peşəkarların da saxta xəbər tirajlaması faktları çox geniş yayılıb. Buna qarşı mübarizənin ən təsirli yolu dərhal ilkin mənbədən doğru xəbərin çatdırılmasıdır. Hansı halda saxta xəbərə yer verilir? İnformasiya vakuumu. İnformasiya vakuumunu aradan qaldırmadan saxta xəbəri önləmək olmaz. Saxta xəbər təbii ki, müəyyən mənada yenə yayılacaq. Amma çox cüzi şəkildə yayıla bilir. Dərhal saxta xəbərlə paralel surətdə doğru xəbər də yayıla bilir. Ona görə informasiya vakuumu bilavasitə saxta xəbər üçün münbit şərait deməkdir”.

Ekspert vurğulayıb ki, sosial şəbəkələrdə feyk xəbərlərin yayılmasını təsadüf hesab etmək olmaz: “Çünki bir çox qurumlar və yaxud da strukturlar var ki, onlar bilərəkdən yalan məlumat yayırlar. Ya da birbaşa propaqanda ilə məşğul olur. Burada ilk növbədə biz cəmiyyətin ən böyük dəyər verdiyi tərəf media savadlılığının yüksəldilməsi olmalıdır. Biz öncədən bütün istifadəçiləri hazırlamalıyıq ki, onlar öz inanacaqları faktları necə analiz edə bilsinlər. Bununla bağlı media savadlılığı aspektindən artıq xeyli sayda vəsaitlər formalaşır. Tövsiyyə edərdim ki, oxucular, informasiya qəbulediciləri öz xəbərlərini necə yoxlaya biləcəklərinə çalışmalıdırlar. Xəbəri kim yayıb, nə vaxt yayıb, mənbə etibarlıdırmı, orijinal xəbərdirmi və s. kimi məsələlərə diqqət etsinlər. Yəni, feyk xəbərlərlə ən yaxşı mübarizə yolu media savadlılığının yüksəldilməsidir. Həbs etmək, kiməsə qadağa qoymaq çıxış yolu deyil. Çünki xəbər bir mənbədə deyil. Sizin hətta burda gördüyünüz informasiya ola bilər ki, ölkə xaricindən daxil olur. Ona görə də yeganə yol informasiya qəbuledicilərinin media savadlılığının artırılmasıdır ki, onlar bu formada aldıqları xəbəri doğru analiz edə bilsinlər”.

Sosial şəbəkələrlə bağlı hansısa məhdudiyyətlərin tətbiqinə ehtiyac olub-olmadığına gəlincə, mütəxəssis bunu doğru saymır. Onun sözlərinə görə, məhdudiyyət problemdən çıxış yolu deyil: “Mən bunu çözüm kimi görmürəm. Bir daha vurğulayıram ki, bu istiqamətdə ancaq maarifləndirmə aparmaqla müsbət nəticə əldə etmək olar. Sosial şəbəkədə məhdudiyyət nə deməkdir? Tutaq ki, sosial şəbəkələr bloklandı. Bundan qazanacağıqmı? Bununla doğruları da yaya bilməyəcəyik. Bu informasiya məkanına daha böyük problem yaradacaq,  daha çox şaiyələrin yayılmasına gətirib çıxaracaq. Burada əsas olan maariflənmədir”.