Azərbaycanın həyata keçirdiyi lokal antitterror tədbirlərindən sonra Ermənistanla Azərbaycan arasında sülh prosesinə başlıca maneə olan Qarabağ problemi tamamilə ortadan qalxdı. Bu amili nəzərə aralan müxtəlif mərkəzlər iki ölkə arasında sülh istiqamətində ciddi irəliləyişlərin olacağını proqnozlaşdırırdılar. Xüsusilə də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan beştərəfli müzakirələrdə sülh istiqamətində irəliyə doğru addımların atılmasına geniş imkanlar yarandığı qənaətində idilər.
Bu gözləntilərin heç biri özünü doğrultmadı. Sözdə Ermənistana siyasi dəstək nümayiş etdirən Fransa görüşə sayılı qaldığı bir zamanda yenidən özünün ənənəvi separatizmi alovlandırmaq siyasətini həyata keçirdi. Bu ölkənin xarici işlər naziri Katrin Kolonna Ermənistana səfəri zamanı İrəvanı sürətlə silahlandıracaqlarını açıqladı. BMT-nin Qarabağda «etnik təmizləmə olmayıb» rəyini verən beynəlxalq missiyasının səfərini isə heçə saydığını bəyan etdi. Azərbaycanı yenidən «etnik təmizləmə»də ittihamlayaraq Avropada yeni antiAzərbaycan dalğası başladacaqlarının anonsunu verdi.
Qranada görüşündən imtina
Bu siyasi təxribatların ilkin nəticələri artıq özünü göstərməkdədir. Azərbaycan tərəfi ən yüksək səviyyədə Qranada görüşündən imtina edib.
Səbəblər isə kifayət qədər əsaslı və ədalətlidir. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.
Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.
Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib. Belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər.
Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər. Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.
Göründüyü kimi, Azərbaycan sülh danışıqları ilə bağlı Qərb formatı üçün qapıları hələ də açıq saxlayır. Amma bu formatda yalnız üç tərəf olmalıdır – Azərbaycan, Avropa İttifaqı və Ermənistan. Bu masada Azərbaycan və Türkiyə düşməni Makron Fransasına yer yoxdur.
XİN-dən Katrin Kolonnaya cavab
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi də Katrin Kolonnaya cavab verib.
«Üç oktyabr tarixində Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik».
Bildirilib ki, 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
"Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.
Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin 20 faizə yaxın hissəsini işğal altında saxlamasına, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirlərinə qədər ərazilərimizdən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə maneə və bölgədə əsl təhdid olduğuna diqqət çəkmək istərdik.
Fransanın hər zaman Ermənistana dəstək verdiyinin, BMT Təhlükəsizlik Şurasının iclaslarının təşəbbüskarının Fransanın olduğunun bildirilməsi Fransanın son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddialarının tamamilə əsassız olduğunu növbəti dəfə sübut edib.
Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistan baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir", - qeyd olunub.
Rusiyanın mövqeyi
Bölgədə sülh danışıqları və yaşanan proseslərin əsas iştirakılarından olan Rusiyanın da məsələyə yanaşması diqqət çəkir.
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsini rəsmi Bakının suveren hüququ olduğunu söyləyib. “Azərbaycanın Aİ ölkələri və Ermənistanın iştirakı ilə görüşdən imtinası Azərbaycanın suveren hüququdur”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Katrin Kolonnanın Ermənistandakı bəyanatlarını şərh edən Zaxarova deyib ki, Fransanın ölkələrarası münasibətlərin tənzimlənməsi üzrə öhdəliklərdən danışmağa haqqı yoxdur.
"Dünən Fransanın xarici işlər naziri İrəvanda olarkən Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə hansısa öhdəlikləri yerinə yetirmədiyinə dair bir çox səs-küylü bəyanatlar verib. Fransanın öhdəliklərdən danışmağa haqqı yoxdur.
Xatırladım ki, Fransa Minsk razılaşmalarının icrasının birgə sponsoru, təminatçısı idi. Sonradan cənab Ollandan nə öyrəndik? Öyrəndik ki, onlar öhdəliklərini icra etməyi düşünmürlər.
Mən Katrin Kolonnanın yerində olsa idim, Fransanın özünü vasitəçi adlandırdığı və ya hesab etdiyi ölkələr arasında münasibətlərin tənzimlənməsi üzrə təminat və öhdəliklərlə bağlı susardım. Yaxşı olardı ki, o əvvəlcə Minsk razılaşmaları barədə hesabat versin. Axı bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsidir", - o deyib.
Bəs Azərbaycanın yerli ekspertləri baş verən prosesləri necə dəyərləndirir. Diqqət edək:
Paris Cənubi Qafqazda güc mərkəzinin Azərbaycan yox, Ermənistan olmasını istəyir
“Bəzən elə təsəvvür yaranır ki, Fransa ermənilərə olan misilsiz sevgisindən Ermənistanı bütün mənalarda dəstəkləyir, başqa dövlətlərlə münasibətləri korlayır. Əlbəttə ki, burada başqa niyyətlər var. Fransanın bütün oyunlarının kökündə, əsasında müstəmləkəçilik siyasəti, imperializm xisləti, başqa ölkələri yağmalamaq istəyi dayanır”.
Bunu hafta.az-a Milli Məclisin deputatı Aydın Hüseynov fransanın anti-Azərbaycan siyasəti ilə bağlı açıqlamasında bildirib.
A.Hüseynov bildirib ki, Fransa Ermənistan üzərindən Cənubi Qafqaza soxulmağa çalışır. “Makronun komandası Fransanın Afrikadakı fiaskosunu bizim bölgəmizlə kompensasiya etməyə çalışır. Paris Rusiyanın zəiflədiyini düşünür və fürsətdən istifadə edib Ermənistana yerləşmək siyasəti yürüdür. İrəvanla Moskvanı bir-birinə düşmən edən də Fransadır. Amma Rusiyanın bölgədən asanlıqla çəkiləcəyini düşünmək sadəcə, sadəlövhlükdür. Fransa da bunu bilir və apardığı siyasətə digər müttəfiqlərini də şərik edir. ABŞ-ın regional siyasətinin arxasında da bu niyyətlər gizlənib. Fransanın Qarabağ münaqişəsində Ermənistanın yanında durmasının bir səbəbi də xristian təəssübkeşliyidir”.
Deputat qeyd edib ki, Paris Cənubi Qafqazda güc mərkəzinin Azərbaycan yox, Ermənistan olmasını istəyir və buna çalışır. Halbuki, Ermənistanın bu status daşımağa heç bir imkanı yoxdur:
“Diqqət edin, Makronun rəhbərlik etdiyi Fransa II Qarabağ müharibəsinin gedişi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı dinləmələrin keçirilməsinə və ölkəmizə qarşı sanksiyaların tətbiqinə çalışırdı. Azərbaycanın apardığı ağıllı və düşünülmüş siyasət nəticəsinə daha iki oxşar hadisənin də qarşısı müvəffəqiyyətlə alındı. Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmadı, haqq işimizi dəstəkləyən dost ölkələrin sayəsində Fransanın çirkli oyunları pozuldu”.
Fransa ilə bütün diplomatik əlaqələri kəsmək üçün prosesə başlamaq lazımdır
“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov isə bildirir ki, biz 30 ildən çox diplomatik əlaqələrə malik olduğumuz Fransa ilə münasibətlərə yenidən baxmalıyıq.
R.Hüseynov Fransanın BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin lehinə səs verdiyini önə çəkib. Bildirib ki, Fransa Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Onun fikrincə, Azərbaycanla bu münasibətləri diplomatik və siyasi böhran həddinə gətirən Makrondur və bunun səbəbləri də maraqlıdır.
“Biz öz torpaqlarımızı işğaldan azad etmişik. Bundan sonra da xırda problemlərin ardan qaldırılması üçün addımlarımızı atacağıq. Bu bizim daxili və ədalətli işimizdir. Kimsənin buna qarışmağa haqqı yoxdur. Özünü bütün mənalarda erməni diasporasına təslim edən bir şəxsin terrordan mayalanan bir ölkəyə yardım etməsi, silah göndərməsi terrorizmə dəstək verməkdir. Tarixi Avropa ölkəsinin halına baxın, görün hansı oyunlarda iştrak edir. Bu Fransanın tarixində bir qara ləkə kimi qalacaq və bunun müəllifi də erməni diasporasının əlində kukla olan Makron olacaq. Öz dövlətinin imzasına hörmət qoymayan siyasətçidən yaxşı nəsə gözləmək olmaz”.
Ekspert hesab edir ki, Fransa bu addımlarla heç nəyə nail ola bilməz. O, hesab edir ki, bütün hallarda dövlətimizə qarşı təhdid yaratmağa cəhd edən istənilən addıma və siyasi prosesə kəskin reaksiyamız olmalıdır. “Düşünürəm ki, Fransa ilə bütün diplomatik əlaqələri kəsmək üçün prosesə başlamq lazımdır”.
Fransanın atdığı bu addımlar Ermənistanın təcriddə qalmasına gətirib çıxarır
“Fransa xarici işlər nazirinin Ermənistana səfərində antiAzərbaycan ritorikası, Ermənistanla silah ticarətinə dair müqavilələr bağlayacağını elan etməsi bu dövlətin militarist siyasətinin bariz nümunəsidir”.
Bunu isə hafta.az-a politoloq Məhəmməd Əsədullazadə Fransanın anti-Azərbaycan oyunu ilə bağlı açıqlamasında bildirib. Ekspert bildrib ki, Fransa-Ermənistan əlaqələri Cənubi Qafqazda yeni situasiayaya gətirib çıxarır və bu, regionda stabilliyə xidmət etmir.
Onun fikrincə, Fransa bununla Cənubi Qafqazda möhkəmlənməyə çalışır, Rusiyanı regiondan çıxarmaq istəyir, Türkiyəni, Türkiyə-Azərbaycan birliyini zəiflətməyi hədəfləyir.Bu ideya Fransanın xarici siyasətinin əsas prioritetidir.
“Fransanın bu siyasəti heç də effektli olmayacaq. II Qarabağ müharibəsində Azərbaycan və Türkiyənin Cənubi Qafqazda geosiyasi mövqeyi kifayət qədər güclənib. Fransanın atdığı bu addımlar məhz Ermənistanın izolyasiyada qalmasına gətirib çıxarır”.
Ekspert eyni zamanda hesab edir ki, əgər Fransa Ermənistanla silah müqaviləsi bağlayarsa, bu, Avropa dövlətləri ilə Azərbaycan arasında silah sazişi sanksiyalarını aradan götürəcək.
“Proseslər Fransa ilə Ermənistanın əleyhinə olacaq. Fransanın indiyə kimi atdığı addımlar uğurlu olmadı və bundan sonrakı addımları da müsbət nəticə verməyəcək”.
Fransa regionda qeyri-sabitlik yaradaraq itirdiyi nüfuzu bərpa etməyə çalışır
Fransanın klassik xarici siyasəti ölkəsinin gücünü itirməsinin qarşısını almaq və beynəlxalq sistemdə təsirli bir dövlətə çevrilməsini təmin etmək üçün qurulub. Bu barədə Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, son dövrlərdə həm iqtisadi, həm də siyasi cəhətdən zəifləyən “Fransa gücünü itirir” anlayışına məruz qalan Fransa, bu təsəvvürü düzəltmək və Fransanın dünyaya təsir edən böyük güc olduğunu göstərmək üçün xarici siyasətdə getdikcə aqressivləşir.
"Bu vəziyyət həm Fransanı qeyri-real siyasətə sürükləyir, həm də onun etibarlılığına ciddi şübhələr yaradır. Beləliklə, Fransa öz reputasiyasını bərpa etməyə çalışsa da, əslində getdikcə nüfuzdan düşür. Fransanın illərdir zülm, qırğın, soyqırım və iqtisadi istismara əsaslanan xarici siyasəti indi iflasa uğrayıb.
Nəticədə istismar etdiyi ölkələrdən bir-bir qovulan Fransa həm silah satmaqla, həm də özünə yeni təsir dairəsi yaratmaqla burada yaşadığı uğursuzluq ilə regional qeyri-sabitlik yaradaraq, itirdiyi nüfuzunu geri qaytarmağa çalışır. Türkiyənin Afrikada artan iqtisadi və siyasi təsirinin öhdəsindən gələ bilməyən Fransa Yunanıstanı təhrik edərək, onlara silah sataraq Türkiyədən qisas almağa çalışdı. Burada istədiyi uğura nail ola bilməyəndə Azərbaycan-Türkiyə müttəfiqliyinin Cənubi Qafqazda uğur qazanmasının qarşısını almaq üçün Ermənistan kartını işə saldı.
Ermənistanın iqtisadi gücünün silah satışı ilə bağlı böyük maliyyə gözləntilərinin olmayacağını nəzərə alsaq, Fransanın regionda qeyri-sabitlik yaratmaqla siyasi təsir əldə etməyə çalışdığı güman edilir. Bölgənin və xüsusilə də Azərbaycanın geosiyasi gücünün fərqində olan Fransa regionda dominant gücə çevrilməklə daha çox qazanc əldə edəcəyini düşünür. Regionda dəyişən reallıq fonunda Fransanın Cənubi Qafqaz regionunda təkcə erməni kartından istifadə etməklə nüfuz qazana bilməyəcəyi aydındır. Fransanın burada etməli olduğu odur ki, getdikcə regionda strateji gücə çevrilən Azərbaycanla əməkdaşlıq etsin", - deyə o, qeyd edib.
M.Yücenin sözlərinə görə, Fransanın Ermənistanı silahlandırmaq, onu yenidən təcavüzə və yeni hərbi avantüralara sürükləmək cəhdi, təbii ki, qəbuledilməzdir.
"Bu səy bütün regionda, xüsusən də Ermənistanda sabitliyi pozmağa davam edəcək. Fransanın regiona əvvəlki müdaxilə cəhdləri kimi, bu cəhd də uğursuzluqla nəticələnəcək. Üstəlik, bu təşəbbüs Fransanın ATƏT-Minsk həmsədri kimi son 30 ildə qərəzsiz vasitəçilik iddiasının tamamilə əsassız olduğunu bir daha ortaya qoyur. Unutmaq olmaz ki, qarşılarında 30 il əvvəlki Azərbaycan yoxdur. Regionda iqtisadi cəhətdən güclü, enerji sahəsində Qərblə ortaq əməkdaşlığa malik, regional və qlobal miqyasda nüfuzu artan, Türkiyə ilə müttəfiq olan yeni Azərbaycan regionun aparıcı aktorudur. Bu səbəbdən gündən-günə güclənən və tarixinin ən ağrılı səhifəsini tarixi qələbə ilə bağlayan Azərbaycana qarşı çıxan heç bir güc regionda öz məqsədinə nail ola bilməyəcək", - deyə o, əlavə edib.
Ləman Əliyeva