Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin bəyanatında bildirilir ki, Tacikistan və Qırğızıstanın işçi qrupları ölkənin şimalındakı Soqdiya vilayətinin Bostan şəhərində görüş keçirib.
Hafta.az-ın yazdığına görə, açıqlamada qrupların çöl araşdırmalarından sonra daha 1,1 kilometr ümumi sərhədə razılaşdığı və bununla bağlı protokolun imzalandığı bildirilib.
Açıqlamada tərəflərin Qırğızıstanda keçiriləcək növbəti görüşdə iki ölkə arasında mübahisəli sərhədin digər hissələri ilə bağlı işləri davam etdirəcəyi paylaşılıb.
Qırğızıstanla Tacikistan arasındakı 972 kilometrlik ümumi sərhədin indiyə qədər təxminən 90 faizi - 889,45 kilometrlik hissəsi ilə bağlı razılıq əldə olunsa da, sonuncu dəfə yanvarın 30-dan fevralın 5-dək Qırğızıstanın Batken şəhərində görüşən tərəflər sərhədin əlavə 3,71 kilometri ilə bağlı razılığa gəlib.
Tacikistanla Qırğızıstan arasında sərhəd mübahisələrinə görə vaxtaşırı gərginlik və münaqişələr yaranıb. İki ölkə arasında sonuncu münaqişə 14 sentyabr 2022-ci ildə baş verib və hər iki tərəfdən onlarla insan həyatını itirib.