“Tacikistan və Çin ekologiya və su ehtiyatları sahəsində əməkdaşlığı ardıcıl olaraq genişləndirir, su ehtiyatlarının qorunması, buzlaqların qorunması və yaşıl enerjinin inkişafı üçün birgə layihələr həyata keçirirlər”.
Hafta.az yazır ki, bu barədə Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin “Sinxua”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tacikistan Prezidenti Emoməli Rəhmonun bu ilin may ayında Çinə dövlət səfəri və Yeni Dövrdə Hərtərəfli Strateji Əməkdaşlıq və Tərəfdaşlığın Dərinləşdirilməsi haqqında Birgə Bəyanatın imzalanması ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələsini əks etdirir.
Nazir qeyd edib ki, "Sənəd Tacikistanla Çin arasında yüksək siyasi etimad səviyyəsini nümayiş etdirir və ikitərəfli əməkdaşlığın bütün spektrini ardıcıl olaraq gücləndirmək üçün prioritet vəzifələri müəyyən edir".
Ekologiya və su ehtiyatları sahəsində əməkdaşlıqdan danışan xarici işlər naziri Tacikistan Milli Elmlər Akademiyası və Çin Elmlər Akademiyasının buzlaqların və biomüxtəlifliyin qorunmasına, eləcə də su ehtiyatlarının rasional idarə olunmasına yönəlmiş "Su və Elm" layihəsi üzərində birgə çalışdığını açıqlayıb.
Bundan əlavə, tərəflər fotovoltaik, külək enerjisi, enerji saxlama sistemləri və digər yaşıl enerji texnologiyaları da daxil olmaqla, avadanlıq, texnologiya təchizatı və bərpa olunan enerji mənbələrinin standartlaşdırılması üçün birgə layihələr həyata keçirmək niyyətindədirlər.
Onun sözlərinə görə, iki ölkənin müvafiq qurumları təbii fəlakətlərin monitorinqi və erkən xəbərdarlıq sistemlərinin, eləcə də peyk texnologiyasından istifadə edərək çoxlu miqdarda meteoroloji məlumatların təhlili üçün platformaların hazırlanması üzərində də əməkdaşlıq edirlər.
Əməkdaşlığın başqa bir sahəsi buzlaqların qorunması olacaq. Çin müasir məsafədən zondlama texnologiyalarından istifadə edərək buzlaqların əriməsi proseslərinin monitorinqində Tacikistana texniki yardım göstərəcək.
"Tacikistanla Çin arasında ekologiya və su ehtiyatları sahəsində əməkdaşlıq güclənməyə davam edir, birgə tədqiqatlar və layihələr üçün yeni imkanlar açır", - deyə S. Muxriddin vurğulayıb.
Qeyd edək ki, 2018-2028-ci illər üçün "Davamlı İnkişaf üçün Su" Beynəlxalq Fəaliyyət Onilliyi üzrə 4-cü Beynəlxalq Yüksək Səviyyəli Konfrans 25-28 may tarixlərində Düşənbədə keçirilib və tədbirdə dünyanın hər yerindən 110-dan çox rəsmi nümayəndə heyəti iştirak edib.
"Buna görə də su problemlərinin həlli gücləndirilmiş beynəlxalq əməkdaşlığı, siyasi iradəni və öhdəliklərdən praktiki hərəkətlərə keçidi tələb edir", - deyə o bildirib.
Təxminən 143 min kvadratkilometr ərazisi olan Tacikistan su ehtiyatlarına görə dünyada səkkizinci yerdədir. Su ehtiyyatlarının əsas mənbəyi buzlaqlardır. Lakin qlobal iqlim dəyişikliyi səbəbindən onların sürətlə əriməsi regionun gələcək su təchizatı üçün ciddi risklər yaradır.
S.Muxriddin vurğulayıb ki, buzlaqlar bütün Mərkəzi Asiya regionu üçün əsas şirin su mənbəyidir və su, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Tacikistan buzlaqların qorunmasını xarici siyasəti və iqlim gündəliyində əsas prioritet hesab edir.
Onun sözlərinə görə, Tacikistan buzlaqların monitorinqi, məlumat və texnologiya mübadiləsi və inkişaf etməkdə olan ölkələrin maliyyə və texniki resurslara çıxışının genişləndirilməsi sahəsində beynəlxalq tərəfdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Bundan əlavə, Tacikistan Beynəlxalq Buzlaq Etimad Fonduna dəstək də daxil olmaqla, iqlim və su təşəbbüsləri üçün davamlı beynəlxalq maliyyələşdirmə mexanizmlərinin inkişafını təşviq etməyə davam etmək niyyətindədir.
Xarici işlər naziri buzlaqların qorunmasının qlobal bir məsələ olduğunu və kollektiv məsuliyyət, uzunmüddətli vizyon və bütün beynəlxalq ictimaiyyətin birgə səylərini tələb etdiyini vurğulayıb.
"Yalnız beynəlxalq ictimaiyyətin səylərini birləşdirməklə indiki və gələcək nəsillər üçün su ehtiyatları və iqlim sabitliyi üçün davamlı bir gələcəyi təmin edə bilərik", - deyə S. Muxriddin bildirib.