Bu gün Azərbaycanda bütün sahələr müasir tendensiyalara uyğun olaraq sürətlə inkişaf edir. Bu bir həqiqətdir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına cavab verən hazırkı səviyyəyə çatması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Hazırda ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.
Təhsilimizin intibah dövrü
Müasir Azərbaycanın tarixində 14 iyul 1969-cu il əhəmiyyətli yer tutur. Həmin ildən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin intibah dövrü kimi dəyərləndirilir. Belə ki, Heydər Əliyev tərəfindən yaradılmış etibarlı iqtisadi zəmin və siyasi sabitlik əsasında təhsilin inkişafı ilə bağlı mühüm strategiya və proqramların qəbul edilməsi mümkün olur, nəticədə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artır. Eyni zamanda, dahi rəhbərin qəbul etdiyi ardıcıl qərarlar nəticəsində ölkədə ümumtəhsil məktəblərinin şəbəkəsi genişlənir, bu istiqamətdə əsaslı keyfiyyət dəyişiklikləri baş verir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən 3 dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdırılır. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı isə 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minədək artır.1970-80-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilir ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi. Bu sahədə həyata keçirilən tədbirlər məktəblərdə növbəlilik üzrə göstəricilərin yaxşılaşdırılmasına güclü təkan verir, şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1970-ci ildəki 40,2 faizdən 1980-ci ildə 28,1 faizə enir.
Bu illərdə məktəbəqədər təhsil də yeni inkişaf mərhələsinə qədəm qoyur. Məsələn, ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə çatmış, məktəbəqədər təhsillə əhatə səviyyəsi 12 faizdən 19 faizə yüksəlmişdi. Bu dövrdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, 35200 yerlik yeni körpələr evi-uşaq bağçası binaları tikilib istifadəyə verilmişdi.
Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ümumi təhsil müəssisələrində şagirdlərin dərsliklərlə təminatı sahəsində də əhəmiyyətli addımlar atılıb. Belə ki, 1978-ci ildən şagirdlərin dərsliklərlə pulsuz təminatına start verilib. Sonradan müstəqilliyin ilk illərində ozamankı hakimiyyət tərəfindən dərsliklə pulsuz təminat ləğv edilmişdi. Lakin Heydər Əliyev 1994-1995-ci tədris ilindən bu imtiyazı yenidən bərpa etdi və hazırda da bütün şagirdlər dərsliklərlə, müəllimlər isə tədris vəsaitləri ilə pulsuz təmin edilirlər.
Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır" - tarixi çağrışı təhsil sistemində özünün tam həllini tapıb. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”
Ulu öndər hər zaman müəllim peşəsinə böyük dəyər verirdi. O, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyərərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul edirdi. Eyni zamanda, mütəmadi olaraq müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi.
Heydər Əliyev fədakar əməyi ilə fərqlənən müəllimlərin fəaliyyətinin rəğbətləndirilməsinə xüsusi diqqət yetirirdi. 1970-ci illərdə 817 nəfər "Əməkdar müəllim” fəxri adı almış, 3 nəfər müəllim o dövrün ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.
Dahi rəhbərin müəllim peşəsinə sonsuz diqqəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və son illərdə müəllim nüfuzunun yüksəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Xaricdə təhsil ənənəsi
Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Ulu öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Keçmiş sovetlər dövründə ulu öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir.
O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. 1970-80-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və ölkə üçün ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradılıb. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1978-ci ildən etibarən respublikadan kənara hər il 800-900 tələbə göndərilməsinə nail olunmuş, 1980-ci illərin əvvəllərindən isə bu göstərici ildə 1000-1400 nəfərə çatmışdı.
Çətin dövrdə uzanan əl
Müstəqilliyin ilk illərində Azərbaycanda yaranan siyasi vəziyyət, Ermənistanın təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi, ölkə daxilində separatçı qüvvələrin baş qaldırması dövlət müstəqilliyimizi sual altına almışdı. Həmin dövrdə təhsil müəssisələri bağlanır, əraziləri zəbt olunur, ziyalılar, alimlər ölkəni kütləvi şəkildə tərk edirdilər. Bu çətin dövrdə Azərbaycan xalqına yenə də dahi rəhbər Heydər Əliyev əl uzatdı və 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə yenidən gəldi. O, Azərbaycanı böyük bəlalardan, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa nail oldu və nəticədə ölkədə təhsil islahatlarının aparılması üçün də əlverişli imkan yarandı. Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı, qısa müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Bu gün əminliklə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi, parlaq gələcəyi üçün ən böyük təminatdır.